WUF13 Azərbaycan mediasının peşəkarlığını nümayiş etdirdi

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, urbanizasiya üzrə ekspertləri və media təmsilçilərini bir araya gətirdi. Forum çərçivəsində təşkil olunan panel sessiyalar, dəyirmi masalar və çoxtərəfli görüşlər qlobal şəhərsalma gündəliyində yer alan əsas məsələlərin geniş şəkildə müzakirəsinə imkan yaratdı. Tədbirlərdə dayanıqlı şəhərlərin qurulması, iqlim dəyişikliklərinin urbanizasiya prosesinə təsiri, mənzil təminatı, nəqliyyat infrastrukturu, rəqəmsal həllər və sosial inklüzivlik kimi mövzular ön plana çıxarıldı. Eyni zamanda, müxtəlif ölkələrin şəhərsalma sahəsində tətbiq etdiyi innovativ yanaşmalar və uğurlu təcrübələr iştirakçılar arasında fikir mübadiləsi şəraitində təqdim olundu. Forum, həmçinin Azərbaycanın beynəlxalq dialoq platforması kimi artan rolunu və qlobal tədbirlərin təşkilindəki imkanlarını bir daha dünyaya nümayiş etdirdi.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, ümumi siyasi nəticələrə əsaslanan müşahidələrə görə, son illərdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə üstünlük verilir.

“Bu da Azərbaycanın bir dövlət kimi beynəlxalq imicinə, xüsusilə qoşulmama siyasətinin fəal iştirakçısı kimi mövqeyinə müsbət təsir göstərir.

Hesab edirəm ki, bu, Azərbaycan xarici siyasətinin mühüm uğurlarından biridir. Əminəm ki, ölkəmiz gələcəkdə də bu cür yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edəcək”- deyə T.Zülfüqarov bildirib.

Tədbir günlərində müxtəlif panel və görüşlərdə iştirak etdik, media otağında yaradılan müasir şəraitlə yaxından tanış olduq. Təsadüfi deyil ki, Prezidentin köməkçisi Hikmət Hacıyev də jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirərək onlara təşəkkür etdi. Həqiqətən də müxtəlif informasiya agentlikləri və media qurumlarının əməkdaşları çox fəal çalışırdılar. Bildirildi ki, bir gün ərzində redaksiyalara 300-dən çox xəbər göndərilib. Bu da Azərbaycan mediasının operativ və peşəkar fəaliyyətinin göstəricisidir”.

Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid isə bildirib ki, Prezident İlham Əliyevin forumdakı çıxışı, Azərbaycanda şəhərsalma ilə bağlı səsləndirilən fikirlər və təqdim olunan videoçarx ölkənin inkişaf prosesini aydın şəkildə nümayiş etdirdi.

O həmçinin vurğulayıb ki, Azərbaycan könüllülərinin fəaliyyəti həm son illərdə keçirilən beynəlxalq tədbirlərdə, həm də pandemiya dövründə həmişə diqqət çəkib:

“Sevindirici haldır ki, artıq Azərbaycanın beynəlxalq tədbir təcrübəsindən və könüllülərin fəaliyyətindən başqa ölkələr də yararlanır, hətta bizim könüllülər xarici tədbirlərə dəvət olunurlar.

Rəşad Məcid müşahidələrinə əsasən onu da əlavə edib ki, həm televiziya əməkdaşları, həm də müxtəlif media nümayəndələri xarici qonaqlarla müxtəlif dillərdə rahat və özgüvənli şəkildə müsahibələr aparıblar:

“Hesab edirəm ki, bu, son illərdə keçirilən beynəlxalq tədbirlər zamanı qazanılan təcrübənin nəticəsidir. Eyni zamanda QHT Agentliyinin təşkil etdiyi tədbirləri də izlədik. Agentliyin beynəlxalq əlaqələr və xarici qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində gördüyü işlər diqqət çəkirdi. Belə böyük tədbirlərin keçirilməsi ilk növbədə böyük məsuliyyətdir. Bu qədər xarici qonağın ölkəyə gəlməsi fonunda yaradılan sistemin yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik. İştirakçılar üçün hərtərəfli şərait yaradılmışdı”.

Mətbuat Şurasının sədri eyni zamanda beynəlxalq əhəmiyyətli forumda media nümayəndələrinin fəaliyyətini xüsusilə yüksək səviyyədə qiymətləndirib:

“Belə tədbirlər Azərbaycan mediasının daha da püxtələşməsinə, yeni təcrübə qazanmasına imkan yaradır. WUF13 kimi tədbirlərin Azərbaycanda keçirilməsi həm ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi uğurların, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin nümayişi, həm də Azərbaycanın beynəlxalq səviyyədə inkişafını göstərmək baxımından mühüm fürsətdir”, – deyə o qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, forumda spiker qismində çıxış edən Fariz İsmayılzadə isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının dördüncü günündə “Təhsil və tədqiqatlar” mövzusunda keçirilən panel müzakirələrində urbanizasiya problemlərinin həllində təhsilin və elmi araşdırmaların rolu əsas müzakirə mövzularından biri olduğunu diqqətə çatdırıb:

“Paneldə çıxış edən spikerlər şəhərsalma sahəsində peşəkar kadr hazırlığının əhəmiyyətindən, urbanistika ilə bağlı problemlərin həllində məlumat bazalarının və statistik təhlillərin rolundan bəhs etdilər. Müasir dövrdə urbanizasiya, demoqrafik artım, ekoloji çağırışlar və texnoloji dəyişikliklər şəhərsalma siyasətində elmi yanaşmanı daha da vacib edir.

Müzakirələr zamanı Azərbaycanın bu sahədəki təcrübəsinə də toxunuldu. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yeni icmaların formalaşdırılması və bu prosesdə statistik sorğuların, tədqiqatların rolunun vacibliyini bir daha nümayiş etdirdi”. 

Deputat onu da əlavə edib ki, urbanizasiya problemlərinin effektiv həlli üçün universitetlər, tədqiqat mərkəzləri və beynəlxalq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi vacibdir:

“Müxtəlif ölkələrin təcrübələrinin paylaşılması, ortaq elmi araşdırmaların aparılması və innovativ texnologiyaların tətbiqi şəhərsalma sahəsində daha dayanıqlı nəticələrin əldə olunmasına imkan yarada bilər”.

 


Mənbə: Modern.az

Bir cavab yazın