Aktual Bu gün, 14:24 Azərbaycan Xalq Cumhuriyyəti dövlətçilik tariximizdə ən mühüm mərhələdir
“28 May Azərbaycan tarixində əbədi dönüş tarixidir. Müsəlman Şərqində ilk respublika quruluşu ilə dünya siyasi arena qədəm qoymuş Azərbaycan Xalq Cumhuriyyəti milli müstəqilliyə əsaslanan dövlətçilik ənənələrimizin əsasını qoydu. Bu əsaslar o qədər möhkəm zəmin üzərində qoyulmuşdu ki, daha sonra 70 il ərzində davam etmiş işğal Azərbaycan Xalq Cumhuriyyətinin ideallarını xalqın şüurundan və qəlbindən çıxara bilmədi”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Patrul.az-a 28 May Respublika Gününün tarixi əhəmiyyəti barədə şərh edərkən səsləndirib.
Deputat xatırladıb ki, keçən əsrin 80- ci illərində yenidən canlanan milli müstəqillik hərakatı 1991- ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin varisi qismində Azərbaycan Respublikasını dünya siyasi xəritəsinə gətirdi:
“Bu gün varlığı ilə fəxr etdiyimiz, müstəqilliyi ilə öyündüyümüz, qələbələri ilə şərəfləndiyimiz Azərbaycan Respublikası 28 May 1918- ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin davamıdır. Bu gün uğurla fəaliyyət göstərən bütün dövlət qurumlarımız öz başlanğıcını məhz 1918- ci ildən götürür. Odur ki, Azərbaycan Xalq Cumhuriyyəti milli müstəqillik və milli dövlətçilik tariximizdə ən mühüm mərhələdir”.
Mənbə: Modern.az
