Tramp İranın uranının Rusiya və ya Çinə verilməsinə qarşı çıxdı
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yumşaldılmasının və ya Tehrana maliyyə vəsaitlərinin verilməsinin gündəmdə olmadığını bildirib, həmçinin İranın zənginləşdirilmiş uranının Rusiya və ya Çin tərəfindən götürülməsinə qarşı çıxdığını açıqlayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Biz hər hansı sanksiyaların yumşaldılmasından və ya pul verilməsindən danışmırıq. Onların özlərinə məxsus olduğunu iddia etdikləri vəsaitlərə nəzarət edirik və bu nəzarəti saxlayacağıq”, – ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, İran “düzgün davranacağı” və “lazım olan addımları atacağı” halda həmin vəsaitlərə çıxış əldə edə bilər.
Jurnalistin İranın zənginləşdirilmiş uranının Rusiya və ya Çin tərəfindən götürülməsinə münasibəti ilə bağlı sualını cavablandıran Tramp buna qarşı olduğunu deyib.
“Xeyr”, – deyə o vurğulayıb.
Mənbə: Modern.az
