İsrail ABŞ-dan Livanı vurmağa icazə istədi
İsrail rəsmiləri Livanın paytaxtı Beyrutda hərbi əməliyyatları genişləndirmək üçün Vaşinqtonun təsdiqini istəyib.
Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, “yüksək vəzifəli İsrail rəsmiləri ABŞ-ın yüksək vəzifəli şəxslərinə müraciət edərək Beyruta hücumları genişləndirmək üçün icazə istəyiblər”.
Mənbələrə görə, israillilər “həm Vaşinqton-Tehran, həm də İsrail-Livan danışıqlarında irəliləyişin olmaması nəzərə alınmaqla, ABŞ-ın cavabının müsbət olacağına” ümid edirlər.
Bundan əlavə, İsrail quru qüvvələri “Hizbullah”ın əsas qalası kimi təsvir etdiyi Nəbatiyyə şəhəri yaxınlığında hərbi əməliyyatlarını genişləndirməyə hazırlaşır. Əgər İsrail Müdafiə Qüvvələrinin quru qoşunları əraziyə daxil olarsa, bu, kampaniyanın əvvəlindən bəri Livan ərazisinə ən dərin irəliləyiş olacaq. Komandirlər “Sarı xətt”i keçməyin zəruriliyini “Hizbullah”ın davam edən dron hücumlarına cavab olaraq izah edirlər.
Bazar günü İsrail Livandakı Bofort qalası və Vadi əl-Saluki ərazilərinə nəzarəti hava hücumları, artilleriya və tankların dəstəyilə ələ keçirib. İsrail müdafiə naziri İsrael Katz bildirib ki, bu qala Qalileyadakı yaşayış məntəqələrini qorumaq və İsrail Silahlı Qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün ən vacib strateji nöqtələrdən biridir.
Bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivin Livandakı hərbi əməliyyatları genişləndirəcəyini açıqlayıb. O, əlavə edib ki, hərbi kampaniya daha uzun çəkəcək, lakin İsrail şimalda təhlükəsizliyi bərpa edəcək.
Mənbə: Modern.az
