“Paşinyan məni dinləsəydi, Şuşanı itirməzdik” – Karapetyan

Ermənistanda 7 iyun seçkiləri yaxınlaşdıqca, siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar qızışır. Tərəflər bir-birlərini gözdən salamağa çalışırlar.

Baş nazirliyə iddialı olan müxalif “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan 44 günlük müharibədəki məğlubiyyətə görə Nikol Paşinyanı ittiham edib.

O bildirib ki, 44 günlük müharibənin ilkin mərhələsində hərbi əməliyyatları elə şərtlərlə dayandırmaq imkanı olub ki, sonradan baş verən ağır ərazi itkilərindən qaçmaq mümkün idi.

Modern.az xəbər verir ki, Karapetyan bunu “168 jham” nəşrinə müsahibəsində deyib.

Karapetyanın sözlərinə görə, əgər baş nazir Nikol Paşinyan onun təkliflərinə qulaq assaydı, müharibə xeyli daha tez bitə bilərdi.

“Əgər məni dinləsəydi, biz yalnız üç rayonu itirərdik və müharibə Füzulidə dayanardı. Amma o, təkəbbürlə düşünürdü ki, biz qalib gəlirik. Qalib gəliriksə, niyə dayanaq? Əgər məni dinləsəydi, biz Şuşanı heç vaxt itirməzdik”, – deyə Karapetyan bildirib.

Müxalifət lideri qeyd edib ki, həmin dövrün bütün detalları açıqlamaq niyyətində deyil, lakin müharibənin əvvəlində ölkə rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirmədiyini düşünür. Karapetyan istisna etmir ki, bəlkə də baş naziri o zaman aldadıb qələbəyə inandırıblar.

“Amma sonradan hər şey yanlış istiqamətə getdi”, – deyə o vurğulayıb.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ildə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında bildirmişdi ki, Şuşanın itirilməsi 10 noyabr 2020-ci il bəyanatının imzalanmasının əsas səbəblərindən biri olub.

O həmçinin xatırladıb ki, 20 oktyabr 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə danışıqdan sonra Paşinyana bildirib ki, Azərbaycan müharibəni dayandırmağa hazırdır, lakin qalan bütün rayonların təhvil verilməsini gözləyir. Bundan əlavə, Şuşaya azərbaycanlı köçkünlərin qaytarılması və Meğridə Rusiya sülhməramlılarının yerləşdirilməsi (Azərbaycan–Naxçıvan dəhlizinin təmin edilməsi üçün) şərt kimi irəli sürülüb. Paşinyan isə bu təkliflərlə razılaşmayıb.

26 oktyabrdan etibarən ABŞ vasitəçiliyi ilə atəşkəs cəhdləri də nəticə verməyib. Azərbaycan hücumu davam etdirib və məqsəd Şuşa olub.

Nəticədə üçtərəfli bəyanat üzrə danışıqlar 6 noyabr 2020-ci ildə başlayıb və sənəd 10 noyabrda imzalanıb.


Mənbə: Modern.az

Bir cavab yazın