Hansı müəllimlər əlavə ödəniş ala bilər?

Təhsil sisteminin əsas iştirakçılarından biri olan müəllim və digər təhsilverənlərin sosial müdafiəsi qanunvericiliklə təmin edilir. Bu təminatlar onların əmək şəraiti, əməkhaqqı, əlavə güzəştlər və peşə fəaliyyətinin stimullaşdırılması kimi məsələləri əhatə edir.

Modern.az xəbər verir ki, AzEdu.az-ın “Təhsil haqqında” Qanuna istinadən verdiyi xəbərə görə, dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir və bu sahədə tətbiq olunan mexanizmlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Qanunvericiliyə əsasən, təhsilverənlər əməkhaqqı əlavələri, stimullaşdırıcı ödənişlər, güzəştlər və müxtəlif növ məzuniyyət hüquqlarından yararlana bilərlər. Bəzi kateqoriyalara aid təhsil işçiləri üçün isə əlavə sosial təminatlar nəzərdə tutulub.

Təhsilverənlərin sosial müdafiəsi ilə bağlı hansı təminatlar var?

– Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir;

– Təhsil işçilərinin əməkhaqqı və vəzifə maaşları onların funksional vəzifələri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınmaqla müəyyən edilir;

– Dövlət və bələdiyyə təhsil müəssisələri büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər;

– Dövlət və bələdiyyə təhsil müəssisələrində çalışan elmi və elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcə və elmi adlara görə əlavələr verilir;

– İnklüziv təhsil həyata keçirən, xüsusi təhsil müəssisələrində çalışan, eləcə də yüksək dağlıq, sərhədyanı və ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil işçilərinin əməkhaqlarına qanunvericiliyə uyğun əlavələr olunur;

– Pedaqoji ixtisaslar üzrə ali və orta ixtisas təhsilini başa vuraraq ümumi təhsil müəssisələrində fəaliyyətə başlayan gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər tətbiq edilir;

– Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.


Mənbə: Modern.az

Bir cavab yazın