Aktual Bu gün, 12:03 Rəqəmsal texnologiya nəhəngləri Bakıya gələcək
Məlum olduğu kimi, bir neçə gün öncə Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycanın Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ-ın qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 8 milyard dollardan çox olan bir sıra mühüm saziş və memorandumlar imzalanıb.
İmzalanan bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir. Bu, həm də iki ölkə arasındakı iqtisadi münasibətlərin artıq daha sistemli, yüksək səviyyəli və rəsmi bir institusional platformaya daşındığını, ABŞ biznesinin Azərbaycan iqtisadiyyatının sabitliyinə və uzunmüddətli kapital potensialına olan güclü etimadını əks etdirir.
ABŞ və Azərbaycan arasındakı iqtisadi paket çərçivəsində Süni İntellekt və rəqəmsal infrastruktur ən strateji istiqamətlərdən biri kimi müəyyən edilib. Ən vacib qərarlardan biri odur ki, cari ilin sonunda Bakının dünyada ikinci dəfə keçiriləcək “Birləşmiş Ştatlar Süni İntellekt Həftəsi”nə ev sahibliyi edəcək. Bu əməkdaşlıq rəsmi Bakının karbohidrogen resurslarından asılılığı azaldaraq ölkəni regionun rəqəmsal innovasiya mərkəzinə, innovasiya qovşağına çevirmək strategiyasının tərkib hissəsi kimi çox dəyərlidir.
Məqsəd ABŞ-ın Silikon Vadisi təcrübəsini Azərbaycana gətirmək, regional süni intellekt ekosistemini formalaşdırmaq, beynəlxalq investorları və rəqəmsal texnologiya nəhənglərini Bakıya cəlb etməkdir.
Onu da vurğulamaq idtərdim ki, birinci belə tədbir texnologiyanın və süni intellektin qlobal mərkəzi hesab olunan ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində (San-Fransisko) keçirilmişdir. “Birləşmiş Ştatlar Süni İntellekt Həftəsi”nin ilk dəfə ABŞ-dan kənarda, məhz Bakıda keçirilməsi isə Azərbaycanın regionda artan rəqəmsal çəkisinin və iki ölkə arasında strateji tərəfdaşlığın reallığa çevrilməsinin ən bariz göstəricisidir. Bu qərar həm də o deməkdir ki, Silikon Vadisi İnvestisiyaları, xüsusilə Google, Microsoft, OpenAI kimi qlobal texnologiya nəhənglərinin rəhbərləri və investorları Bakıya gələcək. Bu, yerli startaplar üçün birbaşa ABŞ investisiyası cəlb etmək şansıdır.
İmzalanan sənədlər ABŞ-ın ən son süni intellekt həlləri və model infrastrukturlarının Azərbaycanın dövlət və özəl sektoruna inteqrasiya olunmasına və rəqəmsal infrastrukturumuzun modernləşdirilməsinə ciddi töhvə verəcək. Digər tərəfdən, bu əməkdaşlıq Azərbaycanın təkcə neft-qaz deyil, həm də Mərkəzi Asiya və Qafqaz regionunun rəqəmsal və texnoloji mərkəzi (hub) statusunu möhkəmləndirəcək, ölkəmizdə yüksək maaşlı “AI mühəndisi” və “Data analitiki” kimi yeni peşə sahələrinin böyüməsini sürətləndirəcək.
Bütün bunlar ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun sözləri ilə desək Prezident Donald Trampın regionda sülhə tarixi sadiqliyi və Prezident İlham Əliyevin dövlət xadimi kimi uzaqgörənliyi sayəsində mümkün olub.
Azay Quliyev
Milli Məclisin deputatı
Mənbə: Modern.az
