I və IV qrupların diqqətinə: keçid balları ilə bağlı vacib proqnoz
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ötən gün qəbul imtahanı keçirilib. Belə ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunub. İmtahandan sonra sualların çətinlik səviyyəsi, keçid ballarının proqnozlaşdırılması və bu ilin qəbul prosesinə mümkün təsirləri ilə bağlı müxtəlif müzakirələr diqqət çəkir.
Mövzu ilə bağlı Modern.az-a danışan AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, ayrı-ayrı fənlər üzrə sualların çətinlik səviyyəsi ilə bağlı müəllim-mütəxəssislər təbii ki, daha dolğun danışa bilərlər.
“Amma burada da obyektiv yanaşma əsas olmalı, məsələyə şəxsi pəncərədən baxışa yol verilməməlidir. Maraqlıdır, eyni fənlə bağlə o predmeti tədris edən iki müəllimin fikri tam başqadır; biri sualların normal, hətta asan təşkil olunduğunu, digəri isə əksinə, çətin salındığını deyir. Bu təbii ki, anlaşılmazdır: əgər onlardan hər ikisi məsələn, kimya müəllimidirsə, suala baxışları niyə fərqli kontekstdən olmalıdır?! Abituriyent və valideynlərdə bu məsələdə fərqli fikirlərin olması anlaşılandır, çünki onlar mütəxəssis deyillər və sualla bağlı düşüncələri ona nə dərəcədə bələd olmalarından asılıdır. Amma onları keçdik, məhz müəllimlərin eyni suallarla bağlı fərqli fikirdə olması düşündürücüdür və məhz buna görə də şəxsən məndə I və IV ixtisas qrupları üzrə dünənki birinci cəhd blok imtahanlarının çətinliyi ilə bağlı fikirlərə şübhə yaradır”.
O həmçinin məsələyə ayrı-ayrı fənlər üzrə dəyərləndirmələrlə deyil, sırf testoloji prinsiplər əsasında yanaşdığını da vurğulayıb:
“Buraxılış imtahanlarının çətin keçməsi, blok imtahanlarında yumşalmanı mütləq mənada reallaşdırır. Biz bunun bariz nümunəsini bir müddət öncə II və III ixtisas qrupları üzrə blok imtahanlarında gördük. Düşünürəm ki. eyni mexanizm burada da tətbiq olunub. Hətta birinci cəhddə müəyyən çətinlik halları görünsə də belə, ikinci cəhddə yumşalma elementləri daha qabarıq olacaqdır. Çünki qəbul prosesinin məntiqi zənciri bizdən bunu tələb edir.
Təsəvvür edin, bu ixtisas qrupları üzrə buraxılışda olduğu kimi blokda da çətinlik səviyyəsi yüksək olacaqsa o zaman biz ixtisas seçimində ciddi xaosun şahidi ola bilərdik. Buna isə düşünürəm ki, zərrə qədər də gərək qalmayacaq. Ümumilikdə, bu ixtisas qrupları üzrə prosesin ötənilkindən çox da fərqli olmayacağını, keçid ballarında artımın yüksək səviyyəyə varmayacağını düşünürəm. Amma yenə də tələsmək lazım deyil. Çünki hələ heç kəsin bilmədiyi ən vacib məsələ – plan yerlərinin sayı, ixtisaslar üzrə kəmiyyət göstəricisi məlum deyil. Ondan sonra məsələ ilə bağlı daha dəqiq nələrisə bildirmək olar”, – deyə E.Nuri qeyd edib.
Mənbə: Modern.az
