İncəsənət təhsili alanlarla bağlı mühüm YENİLİK

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarına başlanılıb. İmtahanlar 8 iyun tarixindən Bakı şəhərində, bugündən etibarən isə ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində keçiriləcək. Belə ki, cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur. Ən mühüm yenilik isə bu ildən etibarən imtahan nəticələrinə uyğun olaraq məzunlara “ilk dəfə elektron şəhadətnamələr” verilməsidir. Elə məhz bu fonda yeni mexanizmin incəsənət təhsilinin keyfiyyətinə və qiymətləndirmə sisteminə mümkün təsirləri diqqət çəkir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət və Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi təhsil sistemində keyfiyyətin yüksəldilməsi istiqamətində mühüm və zəruri addımdır.

“Bu yanaşma ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məktəblərdə əldə olunan bilik və bacarıqların vahid meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradır. Eyni zamanda, tədris prosesində şəffaflığın, hesabatlılığın və obyektivliyin təmin olunmasına xidmət edir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda təhsilin keyfiyyətinin qiymətləndirilməsi, bərabər imkanların yaradılması və nəticəyönümlü idarəetmə prinsipləri xüsusi yer tutur. Mərkəzləşdirilmiş imtahan modeli də məhz bu prinsiplərin praktik tətbiqi kimi dəyərləndirilə bilər. İncəsənət təhsilinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla vahid qiymətləndirmə mexanizminin qurulması həm müəllimlərin, həm də şagirdlərin fəaliyyətinə daha məsuliyyətli yanaşmanı təşviq edəcək”.

Deputatın sözlərinə görə, vahid imtahan sistemi paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərində tədris səviyyəsinin real mənzərəsini ortaya qoymağa imkan verəcək:

“Bu, yalnız nəticələrin müqayisəsi baxımından deyil, həm də mövcud problemlərin müəyyənləşdirilməsi, metodiki dəstəyin gücləndirilməsi və resursların daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətlidir. Əldə olunan nəticələr gələcəkdə incəsənət təhsilinin inkişaf strategiyasının formalaşdırılması üçün də mühüm məlumat bazası rolunu oynayacaq”.

E.Akimova onu da əlavə edib ki, bu ildən etibarən məzunlara elektron şəhadətnamələrin verilməsi isə dövlət xidmətlərinin rəqəmsallaşdırılması siyasətinin mədəniyyət və təhsil sahəsində uğurlu davamıdır:

“Elektron sənəd dövriyyəsi və rəqəmsal təsdiq mexanizmləri həm vətəndaşlar üçün rahatlıq yaradır, həm də sənədlərin təhlükəsizliyini və etibarlılığını artırır. Bu yenilik saxtalaşdırma risklərini minimuma endirməklə yanaşı, gələcəkdə təhsil məlumatlarının vahid elektron bazada inteqrasiyasına da geniş imkanlar açır.
Mədəniyyət sahəsində insan kapitalının formalaşması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan, mərkəzləşdirilmiş imtahanların tətbiqi və elektron şəhadətnamələrin verilməsi bütövlükdə incəsənət təhsilinin müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılması istiqamətində atılmış strateji addım kimi qiymətləndirilməlidir”.

Parlamentin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov da bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi müasir idarəetmə yanaşmasının mühüm göstəricisidir:

“Bu addım ilk növbədə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən incəsənət məktəblərində təhsil alan şagirdlər üçün bərabər və vahid qiymətləndirmə mühitinin formalaşmasına xidmət edir. İndiyədək ayrı-ayrı məktəblərdə tətbiq olunan fərqli qiymətləndirmə yanaşmaları müəyyən hallarda nəticələrin obyektiv müqayisəsini çətinləşdirirdi. Mərkəzləşdirilmiş imtahanlar isə bütün məzunların eyni meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradır”.

Deputat onu da diqqətə çatdırıb ki, bu yeniliyin digər mühüm tərəfi incəsənət təhsilinin keyfiyyət göstəricilərinin daha dəqiq müəyyənləşdirilməsidir:

“İmtahan nəticələri vasitəsilə hansı regionlarda və ya hansı ixtisas istiqamətlərində əlavə metodiki dəstəyə ehtiyac olduğu müəyyən edilə bilər. Bu isə gələcəkdə tədris proqramlarının təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafının təşviqi və təhsil müəssisələrinin fəaliyyətinin daha effektiv qiymətləndirilməsi üçün əhəmiyyətli məlumat bazası formalaşdıracaq”.

Milli Məclisin üzvü həmçinin vurğulayıb ki, vahid qiymətləndirmə mexanizmi həm də şagirdlər arasında sağlam rəqabət mühitinin yaranmasına töhfə verəcək:

“Şagirdlər öz bilik və bacarıqlarını ölkə üzrə yaşıdları ilə müqayisə etmək imkanı əldə edəcək, bu da onların daha yüksək nəticələr əldə etmək üçün motivasiyasını artıracaq. Eyni zamanda, istedadlı gənclərin erkən mərhələdə müəyyənləşdirilməsi və onların gələcək yaradıcılıq fəaliyyətinin dəstəklənməsi baxımından da bu sistem xüsusi əhəmiyyət daşıyır”.

Deputat eyni zamanda elektron şəhadətnamələrin tətbiqini təhsil sahəsində rəqəmsal transformasiyanın növbəti mühüm mərhələsi kimi qiymətləndirib:

“Bu yenilik sənədlərin təhlükəsiz saxlanılmasını, operativ əldə olunmasını və saxtalaşdırılma risklərinin minimuma endirilməsini təmin edir. Elektron şəhadətnamələr gələcəkdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, müxtəlif müsabiqə və layihələrdə iştirak zamanı məzunların sənədlərinin daha rahat təqdim edilməsinə şərait yaradacaq.

Ümumilikdə, mərkəzləşdirilmiş buraxılış imtahanları və elektron şəhadətnamə sistemi incəsənət təhsilində şəffaflığın, hesabatlılığın və keyfiyyət standartlarının yüksəldilməsinə xidmət edən mühüm islahat kimi dəyərləndirilməlidir. Bu təcrübənin gələcəkdə digər təhsil pillələrində və ixtisas istiqamətlərində də tətbiqi ölkədə müasir, rəqəmsal və nəticəyönümlü təhsil idarəçiliyinin inkişafına mühüm töhfə verə bilər”, – deyə V.Qafarov qeyd edib. 


Mənbə: Modern.az

Bir cavab yazın