Doktoranturaya qəbul üçün xarici dil imtahanının tarixi açıqlandı

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil üzrə imtahan iyunun 25-də keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, doktorantura və dissertantura üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı iyunun 16-da təşkil olunacaq. Danışıq bloku üzrə imtahanların isə 17-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

DİM 2026-cı il iyunun 11-dən 14-dək 2026/2027-ci tədris ili üzrə doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatını elan edib. Eyni zamanda doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini başa vurmuş iddiaçılar da xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün qeydiyyatdan keçə bilərlər.

Namizədlər və iddiaçılar DİM-in elektron sistemində “Şəxsi kabinet” yaradaraq qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak üçün tələb olunan ödəniş məbləği 110 manatdır.

Qeyd edilib ki, 20 oktyabr 2026-cı ildən sonrakı tarixədək qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə uyğun beynəlxalq dil sertifikatı təqdim edən şəxslər xarici dil imtahanından azad olunacaqlar.

DİM bildirib ki, xarici dil üzrə qəbul imtahanında keçid balı minimum 25 baldır. Bu balı toplayan və ya etibarlı beynəlxalq sertifikat təqdim edən namizədlər növbəti mərhələ olan fəlsəfə imtahanına buraxılacaqlar.

Fəlsəfə doktoru imtahanlarının nəticələri dissertasiyanın ilkin müzakirəsinədək 5 il müddətində etibarlı hesab olunur.
 


Mənbə: Modern.az

Bir cavab yazın