Sertifikatlaşdırmada risk yarada biləcək fənlər AÇIQLANDI
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesinin növbəti mərhələsi bu gündən start götürüb. Belə ki, builki imtahanlarda əvvəlki illərdə sertifikasiyadan keçən fənlərlə yanaşı, ilk dəfə olaraq tarix, musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə müəllimləri də iştirak edəcəklər. İmtahanların başlaması fonunda ən çətin fənnin hansı olacağı, ilk dəfə prosesə cəlb olunan müəllimlər arasında risk qrupunun mövcud olub-olmaması, eləcə də sertifikasiyadan uğurla keçə bilməyən müəllimləri hansı prosedurların gözlədiyi maraq doğuran əsas məsələlərdəndir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən “AzEdu Təhsil Platforması”nın icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri əvvəlcə onu qeyd edib ki, artıq məlum olan qaydalara əsasən, test imtahanı mərhələsində 30 baldan aşağı nəticə göstərən müəllimlər birbaşa işdən azad olunmurlar.
“Onlar növbəti il təkrar sertifikatlaşdırmaya cəlb edilirlər. Yalnız ikinci dəfə də uğursuz nəticə göstərdikləri halda onların əmək müqaviləsinə xitam verilir.
Lakin biz əvvəlki illərin təcrübəsində daha humanist yanaşmaların da tətbiq olunduğunu gördük. Bəzi hallarda iki dəfə ardıcıl uğursuz nəticə göstərən müəllimlərlə əmək müqaviləsinə xitam verilsə də, onlara məktəbdə digər profilli vəzifələrdə çalışma imkanı yaradıldı. Yəni həmin şəxslər müəllim kimi fəaliyyət göstərməsələr də, təhsil müəssisələrində başqa işlərə cəlb olundular.
Əslində məsələ kifayət qədər ciddidir. İllərlə eyni fənni tədris edən, imtahana hazırlaşmaq üçün uzun müddət imkanı olan müəllimlər təqdim olunan və çətinlik səviyyəsi ilə xüsusi seçilməyən suallara cavab verməlidirlər. Əgər buna nail ola bilmirlərsə, bu, onların peşə biliklərində müəyyən boşluqların olduğunu göstərir. Bu reallığı qəbul etməliyik”.
Tədqiqatçının fikrincə, imtahana ilk dəfə cəlb olunan fənlər arasında risk qrupunun olub-olmamasına gəlincə, konkret bir fənni fərqləndirmək çətindir:
“Bütün fənlər üzrə həm peşəkar, həm də zəif hazırlıqlı müəllimlər var. Buna görə də hansısa fənn üzrə kəsilmə ehtimalının çox aşağı və ya çox yüksək olacağını indidən söyləmək mümkün deyil.
Bununla belə, musiqi və təsviri incəsənət kimi fənlər uzun illər ərzində digər əsas fənlərlə müqayisədə diqqətdən bir qədər kənarda qaldığından, həmin istiqamətlər üzrə müəllimlərin öz üzərlərində nə dərəcədə işlədikləri ilə bağlı müəyyən suallar yaranır. Amma yenə də yekun nəticələr barədə əvvəlcədən qəti fikir söyləmək doğru olmaz”.
E.Nuri sertifikatlaşdırma prosesində ən çətin hesab olunan fənnin hansı olacağı məsələsinə də aydınlıq gətirib:
“Sertifikasiyada ən çətin fənnin hansı olacağı barədə suala gəlincə, hesab edirəm ki, burada əsas meyar müəllimin hazırlıq səviyyəsidir. Müəllim öz ixtisasını zəif bilirsə, hansı fənni tədris etməsindən asılı olmayaraq imtahan onun üçün çətin olacaq. Əksinə, öz sahəsinə yaxşı bələd olan, nəzəri və praktik biliklərinə güvənən müəllim üçün imtahanın xüsusi çətinlik yaratması gözlənilmir.
Bununla yanaşı, əvvəlki sertifikatlaşdırma mərhələlərinin nəticələrinə əsasən deyə bilərik ki, xüsusilə ingilis dili, riyaziyyat və Azərbaycan dili-ədəbiyyat müəllimləri arasında müəyyən narazılıqlar müşahidə olunub. Bu hallar daha çox ingilis dili üzrə imtahanlarda diqqət çəkib.
İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırmaya ilk cəlb olunan qruplar idi. Onların qarşılaşdıqları problemlər müəyyən mənada başadüşülən idi. Çünki sertifikatlaşdırma prosesi mərhələli şəkildə inkişaf edir və hər il daha da təkmilləşdirilir.
Ümumilikdə isə sualların tərtibi və qiymətləndirmə meyarları baxımından ciddi problemlərin olduğunu söyləmək çətindir. Konkret olaraq qeyd edə bilərəm ki, əvvəlki təcrübələrə əsasən ingilis dili, riyaziyyat və Azərbaycan dili-ədəbiyyat fənləri üzrə həm sualların çətinliyi, həm də ümumi proseslə bağlı daha çox müzakirələr və narazılıqlar müşahidə olunub. Bunun builki imtahanlarda da müəyyən dərəcədə davam etməsi mümkündür”, – deyə o fikrini tamamlayıb.
Məlumat üçün bildirək ki, bu gün keçirilən test imtahanlarında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.
Mənbə: Modern.az
