Bu kirli keçmiş sənin yaxanı buraxmayacaq…

Tanınmış vəkil, professor Fərhad Mehdiyevin qızının motosiklet qəzasında faciəvi şəkildə vəfat etməsindən sonra valideynlərə etdiyi çağırış cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosioloq Yusif Nəbiyev məsələyə münasibət bildirərək, övlad tərbiyəsində sərbəstlik və nəzarət balansının pozulmasının acı nəticələrindən bəhs edib.

Modern.az xəbər verir ki, sosioloq Fərhad Mehdiyevin “Yeniyetmə yaşında insana ultra-azadlıq verilməz” fikri ilə tamamilə razı olduğunu qeyd edib:

“Fərhad bəyin qızını itirdikdən sonra yazdığı postlara baxanda adam xoş olmayan bir reallığın fərqinə varır. Fərhad bəy ‘Övladlarınıza nəzarət edin’, ‘Yeniyetmə yaşında insana ultra-azadlıq verilməz’ məzmunlu fikirlər paylaşır. Düz də deyir. Amma bu kimi fundamental məsələləri qəbul etmək, anlamaq üçün, təəssüf ki, sanki kimsə çox ciddi yara almalıdır ki, məsələ ona ‘danq’ eləsin. Biz bunları faciə olmazdan əvvəl deyəndə oluruq ‘geriçi’, ‘yersiz mühafizəkar”.

Yusif Nəbiyev yeniyetməlik dövründə beyin inkişafının və hormonal dəyişikliklərin gənclərin qərarlarına birbaşa təsir etdiyini vurğulayıb:

“Gərək hansısa gənc qız həyatından olsun ki, anlayasınız ki, yeniyetmə vaxtı, hormonal pikdə olan insan beyni ilə qərar vermir, hisslərin diktəsində olur və ona bu periodda nəzarət, yönvermə lazımdır? Hansısa xarici pornostar qadın idi, övladı dünyaya gələndən sonra dünya ictimaiyyətinə səslənib az qala yalvarırdı ki, onun görüntüləri olan video və şəkilləri silsinlər. Deyirdi ki, istəmir övladı onun o keçmişinə şahid olsun. Əminəm ki, ona da dəfələrlə deyilmişdi ki, bu həyat azadlıq deyil, sən gələcəkdə ana olmaq istəyəcəksən, onda bu kirli keçmiş sənin yaxanı buraxmayacaq. Böyük ehtimal ki, o da buna məhəl qoymayıb, amma indi həyatın şilləsi ona reallığın acı tərəfini daddırıb və ağlı başına gəlib.

Pornostar olsa da, o qadın üçün, səmimi deyirəm, üzülürəm. Bu gün Fərhad bəy üçün də üzülürəm.

Kaş insanlar sosial normaları nəzərə almayanda, kobud şəkildə pozanda, bunun nəticələrini hesablayaydılar…”.


Mənbə: Modern.az

Bir cavab yazın