II və III qrupların keçid balları ilə bağlı mühüm PROQNOZ

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib. Açıqlanan nəticələrə əsasən, hər iki qrup üzrə ən yüksək göstəricilər 688 baldan bir qədər yuxarı olub. Diqqət çəkən məqamlardan biri isə builki imtahanlarda II və III ixtisas qrupları üzrə 700 bal toplayan abituriyentin qeydə alınmamasıdır.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev təəsüflə qeyd edib ki, II və III ixtisas qrupları üzrə 700 bal toplayan yoxdur. Onun sözlərinə görə, formalaşan mənzərənin əsas səbəblərindən biri buraxılış imtahanlarının nəticələridir.

“Çünki 700 bal toplayanlar ilk növbədə buraxılış imtahanında 300 bal toplayanlar arasından çıxmalı idi. Təəssüf ki, builki buraxılış imtahanlarında 300 bal toplayanların sayı az olduğundan, blok imtahanlarında da 700 bal nəticə göstərən abituriyent olmadı. 

Ola bilsin ki, növbəti blok imtahanı cəhdlərində vəziyyət müəyyən qədər dəyişsin. Lakin hazırkı mənzərə onu göstərir ki, son iki illə müqayisədə buraxılış imtahanlarının daha çətin olması maksimal nəticə göstərənlərin sayının ciddi şəkildə azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində 700 bal toplayanların sayına təsir edib”.

Ekspertin fikrincə, Dövlət İmtahan Mərkəzi sualların çətin olmadığını, normal səviyyədə tərtib edildiyini bildirsə də, nəticələr fərqli mənzərə ortaya qoyur:

“Hamı gördü ki, buraxılış imtahanında maksimal nəticə göstərənlərin sayı cəmi 11 nəfər oldu. Həmin 11 nəfərdən  (II və III ixtisas qrupları üzrə) heç biri blok imtahanında 400 bal toplamadığı üçün bu ixtisas qruplarında 700 bal nəticə qeydə alınmadı”. 

O həmçinin vurğulayıb ki, hazırkı proqnozlar II və III ixtisas qruplarında keçid ballarının enməsi ehtimalının olduğunu deməyə əsas verir:

“Təbii ki, yüksək nəticə göstərənlər də var, aşağı nəticə göstərənlər də. Amma ümumi mənzərədə aşağı nəticələrin çəkisi daha çox görünür. Dövlət İmtahan Mərkəzinin açıqlayacağı statistika da bunu daha aydın göstərəcək.

Reallıq ondan ibarətdir ki, maksimal nəticələrə baxdıqda, göstəricilər 700 baldan daha çox 680-690 bal intervalında cəmləşib. Bu isə ballarda müəyyən enişin olduğunu göstərir. Həmin eniş də istər-istəməz ixtisasların keçid ballarına təsir edəcək. Xüsusilə III ixtisas qrupunda keçid ballarına daha ciddi təsirin olacağını düşünürəm. II ixtisas qrupunda da oxşar vəziyyət müşahidə oluna bilər”.

R.Nurəliyev onu da əlavə edib ki, hazırda qəti fikir söyləmək çətindir:

“Qarşıda daha iki blok imtahanı cəhdi var. Əgər həmin imtahanlarda nəticələr daha yüksək olarsa, müəyyən tənzimlənmə baş verə bilər. Lakin suallar eyni ağırlıq səviyyəsində olarsa, bu, keçid ballarında eniş tendensiyasının davam edəcəyindən xəbər verəcək.

I və IV ixtisas qruplarının nəticələri açıqlandıqdan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq. Ancaq indiki vəziyyət heç də ürəkaçan görünmür. Bu mənzərənin formalaşmasının əsas səbəbi isə buraxılış imtahanlarında sualların əvvəlki illərlə müqayisədə daha çətin olmasıdır”, – deyə o qeyd edib.


Mənbə: Modern.az

Bir cavab yazın