Milli təhsil brendimiz 96 yaşında!
Dünyada UNEC brendi ilə tanınan Azərbaycan Dövlət İqtisad Universiteti özünün 96 illik yubileyini böyük qürur və təntənə ilə qeyd edir. Bu əlamətdar tarixi sadəcə bir ali təhsil müəssisəsinin ad günü kimi xarakterizə etmək doğru olmazdı. Çünki UNEC-in keçdiyi yol həm də Azərbaycanın iqtisadi təhsil tarixinin mühüm bir mərhələsini, ölkənin iqtisadi inkişafının təmin edilməsində və dayanıqlı insan kapitalının formalaşmasında oynadığı misilsiz rolu ifadə edir.
Modern.az bildirir ki, əsası 1930-cu ildə qoyulan bu nəhəng elm ocağı əsrə yaxın müdrikliklə gəncliyin enerjisini uğurla birləşdirir. Universitet hər gün elmi potensialını gücləndirərək qarşısına qoyduğu böyük hədəflərə doğru inamla irəliləyir. Rektor, professor Ədalət Muradovun da vurğuladığı kimi, Azərbaycan Dövlət İqtisad Universiteti qədər zəngin və keşməkeşli tarixi olan ikinci bir ali təhsil müəssisəsinə rast gəlmək çətindir. Çünki Azərbaycanda ali təhsilli iqtisadçı kadrların yetişdirilməsinə hələ ötən əsrin 20-ci illərindən başlanılıb və UNEC bu missiyanı qlobal səviyyəyə qaldırmağı bacarıb. Hazırda UNEC brendi təkcə ölkəmizdə deyil, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya və Xorvatiya kimi bir çox Avropa dövlətlərində də rəsmi olaraq qeydiyyatdan keçib.
Təhsil ocağının ölkənin idarəetmə və biznes elitasının formalaşmasındakı çəkisi olduqca böyükdür. Universitetin yetişdirdiyi kadr bankı bu gün dövlət aparatında rəhbər vəzifələrdə təmsil olunurlar. İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici işlər naziri Ceyhun Bayramov, Baş Nazirin müavini Şahin Mustafayev, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Gənclər və idman naziri Fərid Qayıbov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, eləcə də millət vəkilləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Əli Məsimli və Eldar Quliyev kimi dövlət xadimləri məhz UNEC məzunlarıdır.
Universitetin keçdiyi inkişaf yolunu dəyərləndirən ali təhsil müəssisəsinin keçmiş tələbəsi, millət vəkili Vüqar Bayramov saytımıza bildirib ki, UNEC Azərbaycan təhsil sistemində özünəməxsus mövqeyi və dəsti-xətti olan lider ali məktəblərdəndir. Onun sözlərinə görə, xüsusilə son illərdə aparılan köklü islahatlar universitetin həm ölkə daxilindəki nüfuzunu, həm də beynəlxalq mövqeyini birmənalı olaraq yüksəldib:
“Təhsilin keyfiyyətinin artırılması, müəllim və tələbə münasibətlərində müasir standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi UNEC-i fərqləndirən əsas cəhətlərdəndir. Universitet son on ildə fərqli bir inkişaf mərhələsinə qədəm qoyub. Beləcə də beynəlxalq reytinqlərdə öz mövqeyini daha da gücləndirəcək. UNEC-in rektoru professor Ədalət Muradov başda olmaqla bütün kollektivi təbrik edirəm”.
Təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli isə qeyd edir ki, bu ali təhsil müəssisəsinin fundamental biliklərlə yanaşı tələbələrə dövlət idarəçiliyinə uyğun sistemli təfəkkür aşılaması idarəetmə aparatında UNEC məzunlarının payını artırıb. Universitetin ali təhsil məkanında beynəlxalq ikili diplom proqramlarını və xarici dillərdə təhsili ən geniş tətbiq edən qurum olduğunu deyən ekspert, innovativ ekosistemin proseslərə cəsarətlə inteqrasiya edildiyini bildirir.

“Universitetdə qurulan elektron idarəetmə sistemləri və daxili keyfiyyət təminatı digər ali məktəblər üçün də bir meyar rolunu oynayır. Çünki bu gün UNEC elektron universitet modeli kağız üzərində deyil, reallıqda işləyən bir strukturdur. Universitet artıq sadəcə dərs deyilən yox, daxili resurslarla elmi məqalələrin stimullaşdırıldığı, iqtisadi modellərin işlənildiyi və regional liderliyini sübut edən nəhəng bir tədqiqat mərkəzidir. Milli təhsilimizin brendinə çevrilən UNEC, rəqəmsal iqtisadiyyata keçiddə və intellektual kapitalın artırılmasında bundan sonra da dövlətimizə böyük töhfələr verməkdə davam edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, universitetin son illərdə qazandığı qlobal uğurlar onun rəqabət qabiliyyətini aydın göstərir. UNEC nüfuzlu qlobal qiymətləndirmə mexanizmlərindən sayılan “QS World University Rankings 2026” siyahısında böyük bir sıçrayış edərək 634-cü yerə qədər irəliləyib. Akademik nüfuz, işəgötürənlərin rəyi, beynəlxalq əməkdaşlıq və elmi məhsuldarlıq kimi ciddi meyarlar əsasında formalaşan bu reytinqdə ilk minliyə daxil olmaq universitetin xarici tələbələr və tərəfdaşlar üçün cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, universitet “Round University Rankings” siyahısında da yüzlərlə xarici ali məktəbi geridə qoyaraq 898-ci sırada qərarlaşıb. Bu göstəricilər sübüt edir ki, UNEC artıq sadəcə iqtisadiyyat üzrə ixtisaslaşmış bir məkan deyil, bütövlükdə tədqiqat yönümlü, rəqəmsal və modern bir ali təhsil modelidir.
Mənbə: Modern.az
