Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə iyunun 23-də “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi “Cəfər Cabbarlı müasirimizdir” adlı layihəsi çərçivəsində dahi dramaturq Cəfər Cabbarlının doğulduğu Xızı şəhərinə səyahət təşkil edib. Xızıda hər il keçirilən ənənəvi “Cəfər Cabbarlı günü”ndə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı Xızı ictimaiyyətinin nümayəndələri, eıəcə də məktəblilər və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəl Cəfər Cabbarlı parkında ədibin abidəsini ziyarət ediblər, sonra böyük yazıçının ev muzeyinə yollanıblar.
layihənin rəhbəri, “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri, əməkdar mədəniyyət işçisi Qəmər Bağırova tədbir iştirakçılarını salamlayıb, layihə haqqında qısa məlumat verərək tədbiri açıq elan edib.Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, prof. Asif Rüstəmli,Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin direktoru Həcər Rəsulova, Azərbaycan Dövlət Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının “Teatr” şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Hicran Sadıqzadə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Mövsüm Bağırov, Abdulla Şaiqin mənzil- muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, Əzim Əzimzadənin mənzil-muzeyinin direktoru İradə Əzimzadə, Sumqayıtdakı Dünya Məktəbinin müəllimləri Nigar Rüstəmova və Könül Əliyeva, Səməd Vurğun ev-muzeyinin baş mühafizi Xanım Şadlinskaya və başqaları çıxış ediblər.
Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış incəsənət xadimləri Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş maraqlı proqram təqdim ediblər. Belə ki,sevilən muğam ifaçısı, 9- cu Muğam Müsabiqəsinin finalisti Yusif Cəfərbəyli, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdi, Muğam Müsabiqəsi laureatı Mətləb Əhmədzadə, AzTV-nin solisti, respublikanın əməkdar artisti Rəşad İlyasov,gənc vokal ifaçısı İbrahim Quliyev ədibin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. İncəsənət Gimnaziyasının müəllimi Pərvanə Talıbova C.Cabbarlı poeziyasından nümunələr səsləndirib.
Tədbirdə fəal iştiraklarına görə Yusif Cəfərbəyli, Səxavət Məmmədov,Mətləb Əhmədzadə, İbrahim Quliyev,Mahir Quliyev və Loğman Məmmədov Fəxri Fərmanlarla mükafatlandırılıblar
Sonra tədbir çay süfrəsi arxasında davam edib.

 

Bir cavab yazın