Aktual Bu gün, 11:19 Bakıda yaşamaq İrəvan və Tbilisidən daha sərfəlidir!

2026-cı ilin ilk yarısında Cənubi Qafqazın ən bahalı şəhəri İrəvan, ən sərfəli şəhəri isə Bakı olub.

Modern.az xəbər verir ki, “Numbeo və Livingcost” platformalarının məlumatları əsasında hazırladığı hesablamalara görə, bölgə paytaxtları arasında həm kirayə, həm ərzaq, həm də kommunal xərclər baxımından ən yüksək göstəricilər İrəvanda qeydə alınıb. Bakı isə bütün əsas kateqoriyalar üzrə ən aşağı xərclərlə seçilib.

Məlumata əsasən, uzunmüddətli mənzil kirayəsi üzrə ən yüksək qiymət İrəvanda qeydə alınıb. Ermənistan paytaxtında şəhər mərkəzində birotaqlı mənzilin aylıq kirayəsi təxminən 760 dollar, Tbilisidə 700 dollar, Bakıda isə 550 dollar hesablanıb.

Ərzaq səbəti üzrə də İrəvan ilk sıradadır. Bir nəfər üçün aylıq əsas ərzaq səbətinin dəyəri İrəvanda təxminən 240 dollar, Tbilisidə 215 dollar, Bakıda isə 180 dollar göstərilib. Hesablamaya süd və süd məhsulları, çörək, düyü, kartof, soğan, yumurta, yerli pendir, ət, eləcə də meyvə-tərəvəz daxildir.

Kommunal xərclər baxımından da Bakı ən sərfəli şəhər sayılıb. 85 kvadratmetrlik mənzil və internet üçün aylıq kommunal xərc Bakıda təxminən 80 dollar, Tbilisidə 103 dollar, İrəvanda isə 138 dollar göstərilib. Bildirilir ki, Bakıda qaz və elektrik enerjisinə tətbiq olunan subsidiyalar kommunal xərclərin daha aşağı qalmasına təsir edir.

Araşdırmada qeyd olunur ki, ərzaq məhsullarının qiymətində İrəvan və Tbilisi bir-birinə yaxın olsa da, Bakı xüsusilə mövsümi tərəvəz, çörək, yumurta və digər əsas məhsulların daha ucuz olması ilə fərqlənir. Bu isə Azərbaycanın daxili kənd təsərrüfatı istehsalının daha geniş olması ilə izah edilir.

Beləliklə, 2026-cı ilin ilk yarısı üzrə kirayə, ərzaq və kommunal xərclərin müqayisəsi göstərir ki, İrəvan Cənubi Qafqazın ən bahalı, Bakı isə ən sərfəli paytaxtıdır.


Mənbə: Modern.az

Bir cavab yazın