BDU-ya yeni prorektor təyin olundu – DOSYE
BDU-yə yeni prorektor təyin olunub.
Modern.az ölkə.az-a istinadən məlumat verir ki, elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, Mirzə Mirzəyev Bakı Dövlət Universitetinin (BDU) maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Nəbi Ramazanlı tuturdu. O, bir müddət əvvəl vəzifəsindən azad edilib.
Mirzə Rəşid oğlu Mirzəyev 29 avqust 1965-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsinə daxil olub, 1984–1986-cı illərdə hərbi xidmət keçib. 1989-cu ildə həmin ali məktəbi maliyyə ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə Əli-Bayramlı Şəhər Maliyyə Şöbəsində müfəttiş kimi başlayan Mirzəyev sonrakı illərdə Bakı Şəhər Maliyyə İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1996-cı ildə Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması şöbəsinin rəisi təyin olunub.
1998–2008-ci illərdə Bakı şəhərinin Əzizbəyov və Xətai rayon maliyyə idarələrinə rəhbərlik edib. Daha sonra Suraxanı rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini, 2009–2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 5 və 11 saylı Xəzinədarlıq idarələrinin rəisi vəzifələrində çalışıb.
2019-cu ildən fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirən Mirzə Mirzəyev əvvəlcə rektorun maliyyə məsələləri, daha sonra isə maliyyə və inzibati məsələlər üzrə müşaviri olub. 2020-ci ildən universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Menecment kafedrasında dosent kimi də fəaliyyət göstərir.
2007-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alan Mirzə Mirzəyev ailəlidir, iki övladı var.
Mənbə: Modern.az
