Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur 

Qəbul imtahanları dövründə sosial şəbəkələrdə yayılan yanlış məlumatlar və manipulyativ paylaşımlar abituriyentlər və valideynlər arasında ciddi narahatlıq yaradır. T

Modern.az xəbər verir ki, bunu “AzEdu Podkast” da təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, bu proses xüsusilə imtahan mövsümündə daha da güclənir. O qeyd edib ki, manipulyasiya prosesi hələ qəbul imtahanlarından aylar əvvəl başlayır.

“Sosial şəbəkələrdə, xüsusilə TikTok, Telegram, Instagram və YouTube platformalarında bəzi şəxslər artıq fevral-mart aylarından etibarən manipulyasiyaya başlayırlar. Bunun arxasında isə böyük maliyyə maraqları dayanır. İxtisas seçimi və qəbul prosesi böyük bazardır və bundan istifadə edənlər çoxdur”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu şəxslər ilk növbədə abituriyentin özünə inamını sarsıtmağa çalışırlar.

“Onlar müxtəlif statistika və rəqəmlərlə elə görüntü yaradırlar ki, guya abituriyent kifayət qədər hazır deyil. Əsl məqsəd isə onu psixoloji asılı vəziyyətə salmaq və sonradan öz xidmətlərini satmaqdır. Qarşıya yanlış bir güzgü qoyurlar və abituriyentə ‘sən bacarıqsızsan’ mesajını təlqin edirlər”.

Elmin Nuri bildirib ki, qəbul imtahanı dövründə həm abituriyent, həm də valideynlər psixoloji baxımdan daha həssas olduqları üçün bu cür manipulyasiyaların təsiri də artır.

“Valideyn övladı üçün hər cür fədakarlıq edir. Bu həssas məqamdan istifadə edənlər isə qorxu yaradır, daha sonra bunu kommersiya maraqlarına çevirirlər. Nəticədə həm maddi qazanc əldə edirlər, həm də abituriyentə ciddi psixoloji zərbə vururlar”.

Ekspert vurğulayıb ki, bəzi gənclər universitetə qəbul olsalar belə, imtahan dövründə yaşadıqları psixoloji gərginliyin təsirindən uzun müddət çıxa bilmirlər.


Mənbə: Modern.az

Bir cavab yazın