Nazirdən müəllimlərin əməkhaqqı ilə bağlı AÇIQLAMA

Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı son 12 ildə 4 dəfəyə yaxın artıb. 

Modern.az xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Nazirin sözlərinə görə, 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 4 dəfə artaraq rekord həddə – 1 030 manata çatıb. 

“Əməkhaqlarının artım tempində dövlət tərəfindən tətbiq edilən diaqnostik qiymətləndirmə və sertifikatlaşdırma prosesləri xüsusi rol oynayıb. 2014-cü ildə müəllimlərin orta aylıq əməkhaqqı cəmi 267 manat təşkil edib. 2015-ci ildə diaqnostik qiymətləndirmənin tətbiqi ilə bu rəqəm 365 manata, 2016-cı ilin aprelindəki 10%-lik artımla isə 403 manata yüksəlib və bu səviyyə 2018-ci ilə qədər qorunub.
Növbəti ciddi sıçrayış 2019-cu ilin sentyabrında reallaşan 20%-lik artımla qeydə alınıb və orta aylıq məbləğ 533 manata çatıb. Bu göstərici 2021-ci ilin sonuna qədər sabit qalıb”. 

Nazir bildirib ki, müəllimlərin maddi rifahının yüksəldilməsində ən kəskin artım dinamikası sertifikatlaşdırma prosesinin tətbiqi ilə başlayıb. 2022-ci ildə 20%-lik artımla orta aylıq əməkhaqqı 651 manat olub. 2025-ci ilin sentyabrında bu göstərici 965 manat həddinə yüksəlib.

Rəsmi proqnozlara və cari hesablamalara əsasən, 2026-cı ilin sentyabr ayında sertifikatlaşdırma prosesinin genişlənən təsiri ilə ölkə üzrə müəllimlərin orta aylıq əməkhaqqının 1 030 manata çatacağı müəyyən edilib. Bu isə təhsil sahəsində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan islahatların ən mühüm göstəricisi kimi qiymətləndirilir.


Mənbə: Modern.az

Bir cavab yazın