Tramp 1,4 milyard dollar qazanıb

ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə kriptovalyuta sahəsindən əldə etdiyi gəlirin ən azı 1,4 milyard dollar olduğu bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” Trampın maliyyə bəyannaməsinə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın ən böyük gəlir mənbələrindən biri ailəsi və tərəfdaşları ilə əlaqəli olan “World Liberty Financial” kriptovalyuta şirkəti olub. O, bu şirkətdən təxminən 594 milyon dollar gəlir əldə edib.

Bundan əlavə, memkoinlər və lisenziyalaşdırma fəaliyyəti ilə məşğul olan “CIC Digital LLC” şirkəti Trampa təxminən 636 milyon dollar qazandırıb. “Stablecoin Holdco” şirkətindəki payların satışından isə daha 197 milyon dollar gəlir əldə olunub.

Maliyyə sənədində Trampın daşınmaz əmlak və kurort biznesindən əldə etdiyi gəlirlər də yer alıb. Belə ki, Mar-a-Lago kurortu ona 77 milyon dollar, Şimali Virciniyadakı qolf klubu isə 25 milyon dollar gəlir gətirib.

Sənəddə həmçinin Trampın iri şirkətlərin səhmləri ilə aktiv ticarət apardığı, yüz milyonlarla dollar dəyərində aktivlərə sahib olduğu, daşınmaz əmlak girovu ilə kreditlər götürdüyü, eləcə də bahalı hədiyyələr və müxtəlif tədbirlərə biletlər qəbul etdiyi qeyd olunub.


Mənbə: Modern.az

Bir cavab yazın