Bloqerlərin “gizli reklam” oyunu: Bu ay kimlər cərimələnib?

Son dövrlər sosial şəbəkələrdə bloqerlər və influenserlərin rəsmi müqavilə olmadan, “tövsiyə” adı altında gizli reklamlar yayımlaması və qanunun tələb etdiyi xüsusi qeydləri postların altına əlavə etməməsi yenidən müzakirə mövzusuna çevrilib.

Mövzunun hüquqi tərəfi, tətbiq edilən sanksiyalar və cari ayın statistikası ilə bağlı Modern.az-ın sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu rəqəmsal platformalarda yayımlananlar da daxil olmaqla, reklam fəaliyyətinin bütün istiqamətlərini tənzimləyir. Qanunvericiliyin əsas tələbinə görə, reklam istehlakçını aldatmamalı, onda çaşqınlıq yaratmamalı və vətəndaşın dürüst məlumatlar əsasında seçim etməsinə şərait yaratmalıdır.

Qanuna əsasən, maddi qazanc qarşılığında öz nüfuzundan istifadə edərək rəqəmsal platformalarda reklam fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər “rəqəmsal platforma təsirçisi” (influenser) hesab olunur. Onların fəaliyyəti ilə bağlı qaydalar belə müəyyənləşdirilib:

“İnfluenserlər tərəfindən həyata keçirilən hər bir reklam yayımı mütləq şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Reklam yayımlanarkən reklamverən barədə qanunla müəyyən edilmiş məlumatlar (adı, VÖEN-i, fəaliyyət və əlaqə məlumatları) mütləq təqdim edilməlidir. Rəqəmsal platforma təsirçisinin özünün istehlak etmədiyi məhsulu (əmtəəni) istehlak etməsi barədə yanlış təsəvvür yaratması, habelə reklam olunan əmtəə haqqında müsbət rəy formalaşdırmaq məqsədilə saxta (feyk) hesablar açması qəti qadağandır”.

Bəs qaydaları pozanları hansı cəzalar gözləyir? Cari ayda cərimələnən varmı?

Agentlik xəbərdarlıq edir ki, reklam qanunvericiliyinin tələblərini pozan şəxslər hüquqi məsuliyyət daşıyırlar. Belə ki, bu hallara qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən müvafiq məsuliyyət tədbirləri və cərimələr müəyyən edilib. 

Cari ay ərzində sözügedən məsələ ilə bağlı hər hansı rəqəmsal platforma təsirçisi (bloqer/influenser) barəsində inzibati protokol tərtib edilməyib. 

Sahəyə nəzarət necə həyata keçirilir?

Dövlət Agentliyi tərəfindən rəqəmsal platformalarda yayımlanan reklamlar mütəmadi olaraq monitorinq edilir. Bununla yanaşı, vətəndaş müraciətləri və daxil olan digər məlumatlar əsasında reklam qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı araşdırmalar aparılır və pozuntu aşkarlandıqda müvafiq tədbirlər görülür.

Qurum rəqəmsal məkanda gizli reklam və qanun pozuntusu faktları ilə qarşılaşan vətəndaşlara müraciət edərək bildirib ki, konkret hallar üzrə məlumatlar Agentliyə təqdim edildiyi təqdirdə məsələ aidiyyəti üzrə araşdırıla bilər.

Vətəndaşlar şikayət və təkliflərini Agentliyin rəsmi internet səhifəsi və ya rəsmi elektron poçt ünvanı ([email protected]) vasitəsilə göndərə bilərlər.


Mənbə: Modern.az

Bir cavab yazın