Bu ixtisasları seçərkən ehtiyyatlı olun

İxtisas seçimi ərəfəsində minlərlə abituriyent gələcək peşəsini müəyyənləşdirməyə çalışır. Bu seçim zamanı qəbul balı qədər əmək bazarının tələbləri, peşələrin gələcək perspektivi və iş imkanları da mühüm rol oynayır.

Xüsusilə texnologiyanın inkişafı və süni intellektin bir çox sahələrə inteqrasiyası bəzi ixtisasların əvvəlki əhəmiyyətini azaltmağa başlayıb.

Modern.az xəbər verir ki, bu barədə AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.

Ekspert bildirib ki, bu peşələri daha çox trenddən düşən, yəni məişət dilində desək, tələbatı azalan ixtisaslar kimi xarakterizə etmək olar:

“Bu ixtisaslar sırasında ilk növbədə bank sektorunda bəzi vəzifələri və mühasibatlıq istiqamətini qeyd etmək olar. Çünki bu sahələrdə görülən bir çox iş artıq proqram təminatları vasitəsilə həyata keçirilir. Buna görə də həmin istiqamətlər üzrə mütəxəssislərə tələbat əvvəlki illərlə müqayisədə azalıb.

Bununla yanaşı, tarix, regionşünaslıq, filologiya və dilçilik istiqamətlərini də misal göstərə bilərik. Çünki qrammatik yoxlamalar, mətnlərin redaktəsi və digər dilçiliklə bağlı bir çox proses artıq xüsusi proqramlar və süni intellekt vasitəsilə yerinə yetirilə bilir.

Reklam sahəsində də oxşar vəziyyət müşahidə olunur. Reklam materiallarının və bannerlərin hazırlanması prosesində bəzi texniki əməkdaşlara əvvəlki qədər ehtiyac qalmayıb. Çünki bu işlərin böyük hissəsi artıq rəqəmsallaşıb və avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Bir sözlə, süni intellekt və texnologiyanın sürətli inkişafı nəticəsində bu istiqamətlər üzrə əmək bazarında tələbat əhəmiyyətli dərəcədə azalır”.


Mənbə: Modern.az

Bir cavab yazın