QHT tərəfindən Şabran və Ağcabədi rayonlarındakı göllərdə hidroloji vəziyyətin araşdırılması davam etdirilir

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may  2026-ci il tarixindən “Azərbaycan endemləri barədə məlumatlılığın artırılması” layihəsini icra edir. Layihənin əsas məqsədi – iqlim dəyişikliyi ilə kəskinləşən səth sularının çirklənməsi kimi qlobal ekoloji problemin həllinə kömək etməkdir.  Bu səbəbdən də layihə işində Azərbaycan ərazisində yerləşən bir sıra göllərin hidroloji vəziyyəti, göl səth sularının və sahilyanı ərazilərin plastik tullantılarla  çirklənməsi, zibillənməsi  problemini araşdırmaq və ictimaiyyətin məlumatlığını artırmaqla ətraf mühitlə bağlı maarifləndirməkdir.

Eko Aləm ictimai birliyi icra planına uyğun olaraq Şabran rayonunda Ağzıbirçala və Ağcabədi rayonunda yerləşən Ağ göllə bağlı araşdırmalarını həyata keçirtmişdir.

 

Ağzıbirçala gölü

 Eko Aləm ictimai birliyinin üzvləri Ağzıbirçala gölü ilə bağlı araşdırmalarını həyata keçirmək üçün layihəniin icra planında nəzərdə tutulduğu kimi 24 iyun 2026-cı il tarixində Şabran rayonuna səfər etmişdir.

Ağzıbirçala (və ya Dəvəçi limanı) Şabran rayonunda, Xəzər dənizi sahilində yerləşən unikal şirin sulu laqun mənşəli göl-bataqlıq ərazisidir. Qoruq statusunda deyil, Dövlət Ovçuluq Təsərrüfatı və xüsusi mühafizə olunan su-bataqlıq ekosistemi statusuna malikdir. Köçəri quşlar üçün əsas məskəndir. Şabran rayonu ərazisi, dəniz səviyyəsindən təqribən  -28 metr aşağıda yerləşir. Ağzıbirçala gölü dünyada laqun mənşəli iki şirin sulu göldən biridir. Xəzər dənizi ilə 4 km uzunluğundakı Qaradəhnə çayı vasitəsilə birləşir. Respublikanın ən böyük şirin sulu limanı hesab olunur. Köçəri və yerli su quşları (qaz, ördək, qaşqaldaq və s.) üçün əhəmiyyətli miqrasiya və qışlama məskənidir. Ərazi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mühafizə olunur.

 

Su səthinin sahəsi, hidroloji mənbələrə və bataqlıq sahələrinin mövsümi dəyişməsinə görə xalis su güzgüsü sahəsi 13.8 km² ilə 16.8 km² arasında qeyd olunur və ətraflının bataqlıqlaşmış ekosistemlə birlikdə ümumi sahəsi isə daha genişdir. Su həcmi təxminən 10 milyon m³ su kütləsinə malikdir. Okean səviyyəsindən (Xəzər sahili relyefinə uyğun olaraq) -25 ilə -28 metr aşağıda yerləşir. Əsasən dayaz göldür, ən dərin yeri təxminən 4 metr təşkil edir. Bataqlıq zonası da daxil olmaqla gölün maksimum uzunluğu 11.2 km, maksimal eni isə 3.5 km-dir. Sahil xəttinin ümumi uzunluğu 37.5 km-ə çatır. Xəzər dənizinə yaxın (təxminən 2 km məsafədə) yerləşməsinə baxmayaraq, bura tökülən çayların hesabına şirin sulu (bəzi hissələrdə zəif şorlaşan) göl ekosisteminə malikdir. Gölə ərazinin 3 əsas çayı Şabrançay, Dəvəçiçay və Taxtakörpü çayları tökülür. Gölün rejimini tənzimləyən və artıq suları dənizə nəql edən Qaradəhnə çayı (uzunluğu təxminən 4 km) mənbəyini məhz Ağzıbirçala gölündən götürərək Xəzər dənizinə axır. Sahəsi təqribən 1,5 km²-dir. Tipik bir göl-bataqlıq landşaftıdır. Sahilləri və daxili relyefi intensiv şəkildə qamışlıq və su bitkiləri ilə zəngindir. Eyni zamanda vaxtı ilə ovçuluq və sənaye əhəmiyyətli balıqçılıq təsərrüfatı mövcud olmuşdur.

Rayona gəldikdən sonra Şabran rayon mərkəzində Çölquşçu İnzibati Ərazi Dairəsinin Nümayəndəsi     Əliyev Adıgözəl Əli  oğlu ilə görüşdük və gəlişimizin məqsədini açıqladıq. Adıgözəl müəllim bizi xoş qarşıladı və hər bir yardım göstərməyə hazır olduğunu söylədi. Seçdiyimiz  Hacıqaraqaşlı kəndi əraziində vizual monitorinq keçirtməyə qərar verdikdən sonra biz maşınlara minərək, gölün sahilinə yola düşdük.  Göl ətrafında yol infrastrukturunun olmaması səbəbindən  çətinliklə də olsa sovet dönəmində balıqçılıq və ovçuluq məqsədi  kimi istifadə olunan əraziyə çatdıq. Burada köhnə tikililər hələ də mövcud idi.

Adıgözəl müəllim gəldiyimiz Hacıqaraqaşlı və ona qonşu olan kəndlərin tarixi barədə bizə məlumat verdi. Çölquşçu kəndi, eyni adlı inzibati ərazi dairəsində yerləşən kiçik bir kənd olmaqla  İnzibati Ərazi Dairəsinin mərkəzidir. Adı qədim türk tayfalarından olan “quşçu” tayfası ilə bağlıdır. “Çöl” sözü isə kəndin dağlıq deyil, Samur-Dəvəçi ovalığının düzənlik (çöl) hissəsində yerləşməsini ifadə edir. Hacıqaraqaşlı kəndinin isə qədim tarixi vardır. Azərbaycan Respublikasının Şabran rayonunun Samur-Dəvəçi ovalığında yerləşən bu kənd, tarixi kökləri və coğrafi mövqeyi ilə maraq doğurur. Kəndin əsası XVIII əsrin axırlarında Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi qaraqaşlı tayfasına mənsub ailələr tərəfindən qoyulmuşdur. Hacıqaraqaşlı kəndinin yaxınlığında, onunla eyni inzibati vahidə (Çölquşçu ərazi dairəsi) daxil olan və bənzər tarixi köklərə malik 3 əsas tarixi kənd yerləşir. Bu kəndlər XVIII əsrin sonlarında Qarabağdan köçürülən tayfalar və tarixi köç yolları ilə birbaşa bağlıdır.

Adıgözəl müəllim verdiyi məlumatlarda onu da qeyd etdi ki, sovet vaxtı Ağzıbirçala gölündən başlıca olaraq təsərrüfat və rekreasiya (istirahət) məqsədilə istifadə olunub. Göldə təbii balıq ehtiyatları mövcuddur və yerli əhali tərəfindən balıq ovlanır. Mövsüm zamanı göl ərazisində su quşlarının ovlanması həyata keçirilib. Gölün Rekreasiya və turizm potensialı da böyükdür. Təəsüf ki, indiki zamanda göldən istifadə olunmur. Əgər turizm və istirahət yeri kimi istifadə edilərsə bu çox yaxşı olar və kənd inkişaf edər. Burada yaşayan  yerli əhalinin də yaşayış səviyyəsi yüksələr, məşğulluq artar və  infrastruktur yaxşılaşar. Ətrafında olan bu təbiət landşaftı, bu ərazilərin saf təmiz havası da  ərazinin istirahət məqsədilə istıfadəsi üçün olduqca uyğundur.

Adıgözəl müəllim keçmiş illərdə gölün quruması, suyunun azalması, iqlim dəyişiklikləri barədə və ətraf mühitin məişət tullantıları ilə çirklənməsi ilə əlaqədar suallarımızı da cavablandırdı.

Həqiqətən də apardığımız vizual müşahidələr bizi heyran qoymuşdu. Ötən illərdə gölün suyu quraqlıq və iqlim dəyişmələri  səbəbindən quruma halları müşahidə edilmişdisə də bu ilki, bol yağışlı günlər səbəbində gölün sululuq səviyyəsi artmış, göl su ilə dolmuşdu. Gölün üzəri qamışlıqlarla örtülmüş, ətraf ərazilər isə toxunulmamış, çöl bitkiləri, çöl gülləri, yaşıl otlarla örtülmüşdı. İydə ağacları isə gölə və göl ətrafına bir ayrı gözəllik veirdi. Təbiət özünün bu ekosistemdə bütün gözəllikləri ilə bərpa etmişdi. Adətən göllərdəki zəngin qamışlıq və su bitkilərinin təbii parçalanması kəskin qoxu yaradır. Ağzıbirçala gölünün suyunun qoxusu xarakterik olaraq bataqlıq (kükürdlü və ya lil) qoxuludur. Kəskin qoxu yoxdur. Spesifik qoxunun yaranmasının əsas səbəbləri, suyun sürətlə axmaması və temperaturun artması ilə üzvi maddələrin parçalanmasını sürətləndirməsidir. Dərinliyin az olması da lil təbəqəsi oksigensiz mühit yaradaraq hidrogen-sulfid qazının ifrazına səbəb olur. Göldən heç bir bataqlıq qoxusu belə gəlmirdi. Vaxtı ilə balıqçıların məkanı olmasına baxmayaraq heş bir balıqçı ləvazimatları ilə bağlı tullantılar, torlar gözə dəymirdi. Onu da öyrəndik ki, kənd camaatı saxladıqları mal qaranı gölə yaxın gəlməsinə imkan vermir. Bu səbəbdəndə gölün suyu heyvanların tullantıları ilə də çirklənməmişdi.  Vizual müşahidələr apardığımız ərazilərdə heç bir plastik atıqlara, məişət tullantısına belə rast gəlmədik. Baxmayaraq ki, kəndin ərazisində bir neçə yerdə məişət tullantıları ilə ciddi çirklənmələr zibil toplantıları mövcud idi. Bir sözlə Ağzıbirçala gölü toxunulmadığından, antropagen təsirə məruz qalmadığından özünü bərpa edərək, unikal bir ekosistemə çevrilmişdi. Bu da bizi təbiət mühafizəedənləri çox sevindirdi.

 

Ağgöl Milli Parkı

Eko Aləm ictimai birliyinin üzvləri Ağgöl ilə bağlı araşdırmalarını həyata keçirmək üçün layihəniin icra planında nəzərdə tutulduğu kimi 30 iyun 2026-cı il tarixində Ağcabədi rayonu ərazisində yerləşən Ağgöl Milli Parkına səfər etmişdir.  Rayona gəldikdən sonra öncə Ağcabədi İH-nə getdik. İH-də bizi Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun Məsləhətçi Hüseyn Cəfərovla görüşdük. Ondan lazım olan məsləhətləri aldıqdan sonra Ağgöl MP-a yola düşdük.

Ağgöl Milli Parkı Azərbaycanın Kür-Araz ovalığında, Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşən, xüsusi dövlət mühafizəsinə malik təbiət ərazisidir. 5 iyul 2003-cü il tarixində yaradılmış parkın sahəsi 17 924 hektardır. Ölkənin ikinci ən böyük gölü olan Ağgölü və onu əhatə edən yarımsəhra landşaftını qoruyan bu məkan, beynəlxalq miqyasda Ramsar ərazi kimi tanınır həm bir “quş cənnəti” həm də ekoturizm mərkəzidir. Park, 2001-ci ildən su-bataqlıq quşlarının yaşayış yeri kimi beynəlxalq əhəmiyyət kəsb edən “Ramsar Siyahısı”na daxil edilib. Dünyada nəsli kəsilmək təhlükəsində olan növləri barındırdığı üçün “Mühüm Quş Ərazisi” (IBA) statusuna malikdir. Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağgölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır.  Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq əraziləri haqqında” “Ramsar Siyahısı”na daxil edilmişdir. Ağgöl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağgöl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 02 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Milli parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorunqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Milli Parkın daxilində yerləşən Ağgöl vahid bir su hövzəsi kimi görünsə də, öz daxilində fərqli ekoloji xüsusiyyətlərə malik iki əsas hissəyə Böyük Ağgöl və KiçikAğ göl sahələrinə bölünür. Böyük Ağgölün Açıq Su Sahəsi gölün mərkəzi hissəsini əhatə edən, qamışlıqlardan azad və daha geniş, təmiz su səthi olan zonadır. Gölün ən dərin nöqtələri (mak. 2.5 m) məhz bu hissədə yerləşir. Kiçik Ağgöl Bataqlıq və Qamışlıq Zonası, Böyük gölün ətrafında formalaşan, daha dayaz, sıx qamışlıq və cəngəlliklərlə əhatə olunmuş sahədir. Quşların Yuva Yeridir. Burada quşların kütləvi şəkildə gizlənməsi, yumurta qoyması və bala çıxarması üçün ən təhlükəsiz zonadır. Sıx bitki örtüyü onları kənar təsirlərdən və yırtıcılardan qoruyur. Bura gölün ən həssas yeri hesab edilir. Su azalması və quraqlıq zamanı ilk quruyan və şorlaşmaya məruz qalan hissə məhz bu dayaz sahələrdir.

Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. geniş yayılmışdır. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılmışdır. Parkda 140-dan çox quş növü qeydə alınıb, onlardan 89 növü məhz burada yuva qurur.

Göl əsasən sıx qamışlıqlarla əhatə olunub və ətrafı isə yovşanlı və qaraşoranlı yarımsəhra bitkilərindən ibarətdir. Gölün böyük hissəsi sıx rütubətli qamışlıqlarla əhatə olunub. Payız və qış aylarında qamışların təbii quruması və suda bataraq çürüməsi nəticəsində əraziyə spesifik bataqlıq və torpaq qoxusu  yayılır. Xüsusilə dayaz və durğun su sahələrində (Kiçik Ağgöl tərəfdə) oksigensiz mühitdə bitki qalıqlarını parçalayan bakteriyalar hidrogen-sulfid qazı ifraz edir. Bu da temperaturun yüksək olduğu günlərdə xəfif çürümüş yumurta qoxusu yaradır. İsti yay aylarında güclü buxarlanma səbəbindən gölün dayaz sahələri quruyur və altındakı lil qatı ilə duz təbəqəsi üzə çıxır. Günəş altında qızan bu şor sahələr əraziyə özünəməxsus kəskin şor-şorand və lil qoxusu verir. Gölə daxil olan suların əsas hissəsi ətraf rayonların kənd təsərrüfatı sahələrindən gələn kollektor-drenaj sularıdır. Bu sular özü ilə kimyəvi gübrə qalıqları, pestisidlər və durğun kanal qoxusu gətirir ki, bu da suyun təbii qoxusunu ağırlaşdırır. Bol yağışlar gölə şirin su gətirdiyi üçün suyun sirkulyasiyasını  artırır, şorluğu azaldır və durğunluğu aradan qaldırır. Nəticədə, yağışlı dövrlərdə göldəki o ağır, durğun və kəskin iy-qoxu əhəmiyyətli dərəcədə təmizlənir və yerini təbii, təmiz göl havasına verir. Məhz biz olduğumuz vaxtda belə bir vəziyyət idi ərazidə heç bir qoxu yox idi, təmiz göl havası var idi.

Açıq mənblərdən aldığımız məlumatlara görə Ağgöl Milli Parkının ekoloji problemləri əsasən qlobal iqlim dəyişikliyi, antropogen amillər və su çatışmazlığı ilə bağlıdır. Məhz su çatışmamazlığı probleminə görə bu layihə ilə müraciıt etmişdik. Parkın su-bataqlıq ekosistemi həssas olduğu üçün hər hansı bir kənar təsir birbaşa quşların populyasiyasına zərər vurur. İsti keçən  Yay aylarında temperaturun kəskin yüksəlməsi göldə buxarlanmanı artırır və suyun səviyyəsi ən aşağı həddə düşür. Göl əsasən kollektor-drenaj suları və Kür çayından gələn kanallarla qidalanır. Bölgədə kənd təsərrüfatı üçün suya tələbat artdıqca, gölə daxil olan suyun həcmi azalır. Ətraf rayonlardakı pambıq və taxıl sahələrindən gələn drenaj suları gölə axıdılır. Bu suların tərkibindəki kimyəvi gübrələr və pestisidlər gölün ekoloji təmizliyinə zərbə vurur. Suyun azalması və buxarlanma fonunda göldə minerallaşma və şorlaşma dərəcəsi də yüksəlir. Bu isə şirin su bitkilərinin və bəzi balıq növlərinin məhv olmasına səbəb olur. Park xüsusi mühafizə olunsa da, bəzən əraziyə gizli daxil olan şəxslər tərəfindən elektrik avadanlıqları və qadağan olunmuş torlarla qanunsuz balıq ovu, eləcə də köçəri quşların atəşə tutulması halları az da olsa qeydə alınır. Bu haqda ETSN məlumatlarında da göstərilir. Parkın quru və yarımsəhra sahələrinə yaxın kəndlərdən olan yerli sakinlərin mal-qarası qanunsuz olaraq otarılmağa gətirilir. Bu, parkın təbii flora örtüyünün aşınmasına və quşların yuva qurduğu qamışlıq kənarlarının zədələnməsinə yol açır. Biz müşahidələr apardığımız zaman belə hallara rastlanmadıq.

Parkın ərazisində bizi parkın işçiləri qarşıladı. Parkın daxili qaydalarına əməl edərək, turistlər üçün icazə verilən yerdə müşahidələrimizi apardıq. Bu ilin yaz aylarında Yağıntıların və bol yağışların olması Ağgölün su ekosisteminə çox müsbət və canlandırıcı təsir göstərdiyini öyrəndik.  Quraqlıq və su qıtlığı parkın ən böyük problemi olduğu üçün bol yağışlar gölün xilası rolunu oynamışdı. Yağışlar gölün su balansını bərpa etmişdi. Xüsusilə quruma təhlükəsi ilə üzləşən dayaz Kiçik Ağgöl sahələri yenidən su ilə dolumuşdu. Su səviyyəsi qalxdıqca göl ətrafındakı quru sahələrə doğru genişlənir. Bu da quşlar və balıqlar üçün daha böyük yaşayış sahəsi deməkdir. Ağgöl yarımsəhra zonasında yerləşdiyi üçün güclü buxarlanma suyun şorluğunu artırır. Bol yağış suları gölə birbaşa şirin su əlavə edərək minerallaşma və şorluq dərəcəsini aşağı salır. Suyun şirinləşməsi kənd təsərrüfatı drenaj kanallarından gələn zərərli kimyəvi maddələrin (pestisidlərin) konsentrasiyasını azaldır və suyu təmizləyir. Şorluğun azalması və suyun çoxalması göldəki mikroskopik canlıların, su bitkilərinin və balıqların sürətlə çoxalmasına (artımına) səbəb olur. Məhz bu səbəbdən də göldə hələ də köçəri qızıl qazları müşahidə edə bildik. Bol yem bazası və genişlənən qamışlıqlar köçəri quşların bura daha çox cəlb olunmasını təmin edir. Onların yuva qurma təhlükəsizliyi artır. Əgər bol yağışlar ətrafdakı pambıq və taxıl sahələrindən həddindən artıq gübrəli və zəhərli sel sularını birbaşa gölə yuyub gətirərsə, bu, göldə müvəqqəti çirklənməyə səbəb ola bilər. Lakin ümumi olaraq, yağışın bol olması Ağgöl ekosistemi üçün hər zaman həyatverici bərəkət hesab olunur. Apardığımız müşahidələrdən olduqca məmnun qaldıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ağgöl Milli Parkında suyun vəziyyətini nəzarətdə saxlamaq üçün qurumun Milli Hidrometeorologiya Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Mərkəzi vasitəsilə mütəmadi analizlər və monitorinqlər aparır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq fondlar gölün xilası, su rejiminin tənzimlənməsi və mühafizə sisteminin gücləndirilməsi üçün xüsusi layihələr də icra edir.

Apardığımız müşahidələrdən olduqca məmnun qaldıq. Bu şəraiti bizə yaradan milli parkın kollektivinə Eko Aləm İB olaraq dərin təşəkkürümüzü bildiririk.

 

Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva

 

 

Bir cavab yazın