Kibertəhlükəsizlik rəqəmsal dövlətin mühafizə sistemidir – DEPUTAT

Kibertəhlükəsizlik artıq təkcə informasiya texnologiyaları sahəsinin deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və rəqəmsal inkişafın əsas elementlərindən birinə çevrilib.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, rəqəmsal transformasiya genişləndikcə kibertəhlükəsizliyin təmin edilməsi dövlət üçün strateji əhəmiyyət daşıyır:

“Bu gün rəqəmsal transformasiya dedikdə təkcə elektron xidmətlər və ya mobil tətbiqlər nəzərdə tutulmur. Dövlət idarəçiliyi, bank sektoru, biznes və gündəlik xidmətlər getdikcə daha çox rəqəmsal platformalar üzərində qurulur. Belə olan halda bu sistemlərin qorunması da prioritet məsələyə çevrilir.”

Onun sözlərinə görə, kibertəhlükəsizlik rəqəmsal dövlətin mühafizə sistemi rolunu oynayır və enerji, maliyyə, səhiyyə, nəqliyyat, rabitə və dövlət idarəçiliyi kimi kritik infrastrukturun təhlükəsizliyi ilə birbaşa bağlıdır.


Tahir Mirkişili qeyd edib ki, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkədə bu sahədə koordinasiyanın gücləndirilməsi baxımından mühüm addımdır:

“Kibertəhlükələr artıq tək bir qurumun problemi deyil. Milli Kibertəhlükəsizlik Agentliyinin əsas vəzifəsi riskləri vaxtında müəyyənləşdirmək, kiberinsidentlərə operativ reaksiya vermək, qurumlara metodiki dəstək göstərmək və vətəndaş məlumatlarının qorunmasını gücləndirməkdir.”

Deputat bildirib ki, yeni yanaşma kibertəhlükələrin nəticələrini aradan qaldırmaqdan daha çox onların qarşısının alınmasına hesablanıb. Onun sözlərinə görə, təhlükəsizlik planları, risk qiymətləndirilməsi, audit mexanizmləri və ehtiyat bərpa sistemləri bu istiqamətdə əsas rol oynayacaq.

Mirkişili süni intellektin də kibertəhlükəsizlikdə əhəmiyyətinin artdığını vurğulayıb. O qeyd edib ki, süni intellekt şübhəli fəaliyyətləri və mümkün kiberhücumları ilkin mərhələdə müəyyən etməyə imkan verir və bununla da kibermüdafiə daha qabaqlayıcı xarakter alır.

Deputatın fikrincə, kibertəhlükəsizlik yalnız texnoloji məsələ deyil, insan amili də burada həlledici rol oynayır. Bu baxımdan dövlət qulluqçularının, biznes nümayəndələrinin və vətəndaşların rəqəmsal savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.

Tahir Mirkişili əlavə edib ki, dövlət informasiya sistemlərinin “Hökumət Buludu” (G-Cloud) platformasına köçürülməsi informasiya təhlükəsizliyini, xidmətlərin dayanıqlığını və dövlət idarəçiliyinin səmərəliliyini artıracaq.

Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal Şuranın yaradılması və fəaliyyətinə xüsusi diqqət ayırması Azərbaycanda rəqəmsallaşma prosesinin təhlükəsizlik amilləri nəzərə alınmaqla həyata keçirildiyini göstərir.


Mənbə: Modern.az

Bir cavab yazın