Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi.

Türkiyənin Sakarya Universitetində 24–28 iyun 2026-cı il tarixlərində keçirilən üç nüfuzlu beynəlxalq elmi konfrans – Təbiət Elmləri və Mühəndislikdə İnnovasiyalar üzrə 5-ci Beynəlxalq Konfrans (ICINSE2026), Türk Dünyası Kimya Elmləri və Texnologiyaları üzrə 7-ci Beynəlxalq Konfrans (ITWCCST2026) və Humik Maddələr üzrə 6-cı Beynəlxalq Türk Konfransı (ITCHS2026) təntənəli açılış mərasimi ilə öz işinə başladı.

Dünyanın 25-ə yaxın ölkəsindən 200-ə yaxın tanınmış alim, tədqiqatçı və akademik nümayəndəni bir araya gətirən beynəlxalq elmi platforma elm, innovasiya və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən mühüm tədbirlərdən biri kimi qiymətləndirilir.

Açılış mərasimində Sakarya Universitetinin təşkilatçılığı ilə keçirilən konfransların əhəmiyyətindən, türk dünyası ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyindən, eləcə də təbiət elmləri, kimya, mühəndislik və humik maddələr istiqamətində aparılan beynəlxalq tədqiqatların gələcək perspektivlərindən bəhs olunub.

Konfransların açılış proqramının türk və ingilis dillərində aparıcılığı və moderatorluğu Azərbaycanda Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova tərəfindən həyata keçirilib.

Rəsmi mərasim çərçivəsində çıxış etmək üçün əvvəlcə konfransın Təşkilat Komitəsinin sədri, Sakarya Universitetinin professoru Prof. Dr. Ahmet Tutar səhnəyə dəvət olunub. Daha sonra Azərbaycan Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun görkəmli alimi Prof. Məhəmməd Babanlı, Braziliyadan Beynəlxalq Humik Maddələr Cəmiyyətinin prezidenti Prof. Dr. Deborah Pinheiro Dick, Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Prof. Rövnəq Rzayev, İstinye Universitetinin ARGE direktoru Prof. Mustafa Çetin və Sakarya Universitetinin prorektoru Prof. Dr. Özer Köseoğlu iştirakçılar qarşısında çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb, beynəlxalq elmi əməkdaşlığın inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra Sakarya Universitetinin Turgut Özal Mədəniyyət və Konqres Mərkəzində konfransın açılış mühazirəsi keçirilib.
Açılış mühazirəsinin moderatoru Beynəlxalq Humik Maddələr Cəmiyyətinin prezidenti Prof. Dr. Deborah Pinheiro Dick olub. İtaliyanın Bari Aldo Moro Universitetinin dünya şöhrətli alimi Prof. Dr. Nicola Senesi isə “The Role of Humic Substances Science in the Environment and Agriculture” (“Humik maddələr elminin ətraf mühit və kənd təsərrüfatında rolu”) mövzusunda məruzə ilə çıxış edib. Professor Senesi humik maddələrin torpaq münbitliyinin artırılması, ətraf mühitin mühafizəsi, dayanıqlı kənd təsərrüfatı və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətindən bəhs edib.
Azərbaycanı beynəlxalq elmi platformada təmsil edən Məhsəti Hüseynova bildirib ki, müxtəlif ölkələrin aparıcı alimlərini bir araya gətirən belə mötəbər konfranslarda moderator və aparıcı kimi çıxış etmək həm böyük məsuliyyət, həm də ölkəmizin elmi potensialının beynəlxalq müstəvidə təqdim olunması baxımından qürurvericidir. O, bu məsul vəzifəni ona etibar etdiyinə görə Konfransın Təşkilat Komitəsinin sədri Prof. Dr. Ahmet Tutara təşəkkürünü bildirib.
Azərbaycanı beynəlxalq tədbirdə təmsil edən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova konfrans müddətində bir sıra xarici ölkələrin alimləri və universitet nümayəndələri ilə görüşərək qida təhlükəsizliyi, sağlam qidalanma, ətraf mühitin mühafizəsi və dayanıqlı kənd təsərrüfatı istiqamətlərində beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Konfrans çərçivəsində elmi fəaliyyətə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə müxtəlif ölkələrdən olan alimlərə sertifikatlar təqdim edilib. Mərasim zamanı İtaliyanın Bari Aldo Moro Universitetinin professoru, humik maddələr üzrə dünya şöhrətli alim Prof. Dr. Nicola Senesi tərəfindən Məhsəti Hüseynovaya da beynəlxalq konfransın moderatoru və aparıcısı kimi uğurlu fəaliyyətinə görə sertifikat təqdim olunub.
Tədbir çərçivəsində təşkil olunan elmi sessiyalar, panel müzakirələri və təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Konfransın qeyri-rəsmi proqramı çərçivəsində isə qonaqlar Sakaryanın tarixi, mədəni və turizm məkanları ilə tanış olub, bu da müxtəlif ölkələrdən olan alimlər arasında dostluq münasibətlərinin və elmi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.
Qeyd edək ki, Sakarya Universitetinin ev sahibliyi ilə keçirilən ICINSE2026, ITWCCST2026 və ITCHS2026 konfransları elm, innovasiya və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən regionun ən nüfuzlu elmi platformalarından biri hesab olunur və burada təqdim olunan elmi nəticələrin gələcək beynəlxalq tədqiqat layihələrinin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Bir cavab yazın