Azərbaycan diplomatiyasında qadınların payı
Azərbaycan Xarici İşlər Nazirliyində və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çalışan diplomatların cins bölgüsü açıqlanıb.
Modern.az Azərbaycan Xarici İşlər Nazirliyi və onun xarici nümayəndəliklərində çalışan qadın diplomatların sayı və tutduqları vəzifələri araşdırıb.
Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışan 485 diplomatdan 303-ü kişi,182-si qadındır. Bu isə diplomatların 60 faizinin kişi, 40 faizinin isə qadın olduğunu göstərir.
Xarici işlər nazirin müavinlərinin sayı 6 nəfərdir və onların hamısı kişidir. Xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışan 4 diplomatın da hamısı kişidir.
İdarə rəisləri arasında 23 kişi, 4 qadın, rəis müavinləri arasında isə 38 kişi və 6 qadın fəaliyyət göstərir. Müşavir vəzifəsində çalışan 13 diplomatdan 7-si kişi, 6-sı qadındır. Şöbə müdirləri arasında isə 32 kişi və 23 qadın təmsil olunur. Digər diplomatik vəzifələrdə çalışanların sayı 321 nəfərdir ki, onların 176-sı kişi, 145-i qadındır.
Xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə isə ümumilikdə 597 diplomat çalışır. Onlardan 501-i kişi, 96-sı qadındır. Beləliklə, xarici nümayəndəliklərdə diplomatların 81 faizini kişilər, 19 faizini qadınlar təşkil edir.
Statistikaya görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan 65 səfirdən 63-ü kişi, 2-si qadındır. Daimi nümayəndələr arasında 5 kişi var, qadın təmsilçi yoxdur. Səfir müavinləri arasında 1 kişi və 1 qadın, daimi nümayəndənin müavinləri arasında isə 2 kişi fəaliyyət göstərir.
Təmsilçilik ofisinin rəhbəri vəzifəsində çalışan yeganə diplomat kişidir. Baş konsullar arasında 6 kişi və 1 qadın, müşavir elçilər arasında 4 kişi, müşavirlər arasında 70 kişi və 10 qadın, konsullar arasında isə 10 kişi və 2 qadın təmsil olunur. Xaricdəki nümayəndəliklərdə “digər” kateqoriyasında çalışan diplomatların sayı 413 nəfərdir ki, onların 333-ü kişi, 80-i qadındır.
Mənbə: Modern.az
