Bu təlimlər TƏBİB-in əməkdaşları üçün pulsuz olacaq  

Yeni Klinikada fəaliyyətə başlayan Simulyasiya və Təlim Mərkəzində keçiriləcək təlimlərin müddəti proqramın məzmunundan asılı olaraq müəyyənləşdiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Modern.az-ın sualını cavablandıran Yeni Klinikanın direktoru Zəhra Vəzirova deyib.

Direktor bildirib ki, ürək-ağciyər reanimasiyası üzrə təlimlər (BLS) American Heart Association (AHA) standartlarına uyğun olaraq 3 saat davam edir:

“Ancaq pediatrik və neonatal reanimasiya üzrə təlimlər daha geniş proqramı əhatə etdiyi üçün iki gün davam edir. Bu təlimlər də AHA standartlarına uyğun təşkil olunur. Ümumilikdə, təlimin müddəti onun mövzusundan asılıdır”. 

Z.Vəzirova əlavə edib ki, mərkəzdə tibbi bacarıqlarla yanaşı, kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş təlimlər də keçiriləcək.

“Kommunikativ bacarıqlarla bağlı təlimlərdə simulyasiya robotlarından istifadə olunmur. Bu təlimlər də çox vacibdir və onların müddətini adətən 3 saatdan artıq etmirik. Çünki daha uzun müddət effektiv olmur, iştirakçılar yorulur. Yalnız Neonatal Reanimasiya Proqramı (NRP) iki günlük təlimdir”, – deyə direktor vurğulayıb.

Universitetlərlə mümkün əməkdaşlıq məsələsinə də toxunan Z.Vəzirova bildirib ki, bu istiqamətdə planlar mövcuddur.

“Əvvəllər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində fəaliyyət göstərmişəm və orada simulyasiya mərkəzi yaradılmışdı. Gələcəkdə Azərbaycan Tibb Universiteti ilə də əməkdaşlıq etməyi planlaşdırırıq. Hazırda bu barədə konkret açıqlama verməyə hazır deyiləm. Lakin akademik səviyyənin yüksəldilməsi üçün universitetlərlə əməkdaşlıq mütləqdir”. 

Direktor təlimlərin ödənişli olub-olmayacağı ilə bağlı suala cavabında isə bildirib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər ödənişsiz olacaq.

“TƏBİB xəstəxanalarının personalı üçün bu təlimlər pulsuz olmalıdır. Digər iştirakçılarla bağlı isə gələcəkdə ayrıca qərar veriləcək”, – deyə Zəhra Vəzirova əlavə edib.


Mənbə: Modern.az

Bir cavab yazın