Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA
Əvvəlki illərin məzunlarının qəbul imtahanlarında iştirakının cari ilin məzunlarının ali məktəbə qəbul şansını azaltdığı barədə fikirlər həqiqəti əks etdirmir.
Bunu Modern.az-a təhsil eksperti Elmin Nuri deyib.
Onun sözlərinə görə, ali məktəblərə qəbul prosesi yaşdan və məzun olduğu ildən asılı olmayaraq rəqabət prinsipi əsasında həyata keçirilir:
“Cari ilin məzunu da, məktəbi illər əvvəl bitirmiş şəxs də qəbul imtahanında eyni statusa malik namizəddir. Burada hansısa qrupun digərinin şansını əlindən aldığını demək düzgün yanaşma deyil. Kim imtahanda daha yaxşı nəticə göstərirsə, o da qəbul olunur”.
Ekspert bildirib ki, əvvəlki illərin məzunlarının qəbul imtahanlarında iştirakının ildən-ilə artması iki əsas səbəblə bağlıdır. Bunlardan biri ali təhsil müəssisələrində plan yerlərinin artırılmasıdır:
“Məsələn, 2007-ci ildə üçüncü ixtisas qrupu üzrə bir yer uğrunda səkkiz nəfər mübarizə aparırdı. Son illərdə isə bu göstərici iki-üç nəfərə qədər enib. Bu da ali təhsilə qəbul imkanlarının xeyli genişləndiyini göstərir”.
Elmin Nuri qeyd edib ki, ikinci mühüm amil Təhsil Tələbə Kredit Fondunun fəaliyyətidir. Onun sözlərinə görə, ödənişli təhsil imkanlarının maliyyələşdirilməsi əvvəlki illərin məzunlarının yenidən ali təhsil almağa marağını artırıb:
“Əvvəllər bir çox gənc ödənişli əsaslarla təhsil ala bilmədiyi üçün universitetə qəbuldan imtina edirdi. Tələbə Kredit Fondunun fəaliyyəti bu maneəni xeyli aradan qaldırıb və nəticədə əvvəlki illərin məzunlarının qəbul imtahanlarında iştirak dinamikası artıb”.
Ekspert hesab edir ki, buna baxmayaraq, əvvəlki illərin məzunları cari ilin məzunlarını nəticələr baxımından qabaqlaya bilmirlər:
“Cari ilin məzunları tədris prosesinin içərisində olduqları üçün həm bilik, həm də psixoloji baxımdan imtahana daha hazırlıqlı olurlar. Ən yüksək balları, rekord nəticələri və prestijli ixtisaslara qəbulu əsasən məhz cari ilin məzunları əldə edirlər. İndiyədək əvvəlki ilin məzunlarının bu göstəricilərdə üstünlük təşkil etdiyini görməmişik”.
Elmin Nurinin fikrincə, əvvəlki illərin məzunlarının imtahanlarda iştirakının artması normal tendensiyadır və bu, cari ilin məzunlarının ali məktəbə qəbul imkanlarına ciddi təsir göstərmir.
Mənbə: Modern.az