Vətəndaşlara dəyən 6,4 milyon manatlıq ziyan ödənilib
2026-cı ilin ilk yarısında Bakı şəhərində 6 909 cinayət hadisəsi qeydə alınıb və onların 93,2 faizinin açılması təmin edilib.
Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, hesabat dövründə paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin olunub.
Müşavirədə qeyd edilib ki, Bakı şəhərinin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 70-i baxılması üçün məhkəmələrə göndərilib.
Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə 3 148 cinayət işinin istintaqı tamamlanıb, 2 338 iş məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatının, yəni 73,2 faizinin ödənilməsi təmin edilib.
Müşavirədə axtarışda olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində tədbirlərin intensivləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.
Vətəndaş müraciətlərinə baxılması və vətəndaşların qəbulu məsələlərinin də diqqətdə saxlanılması tapşırılıb. Xüsusilə şəhid və itkin şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, eləcə də sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılmasının vacibliyi vurğulanıb.
Məlumata görə, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10 573 müraciət daxil olub. Ümumilikdə 1 299 vətəndaş qəbul edilib, onlardan 173 nəfəri Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.
Müşavirədə “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin işin səmərəliliyinə müsbət təsiri də qeyd edilib. Prokurorluq əməkdaşlarının prosessual sənədlərin elektron formada tərtibinə və elektron sənəd dövriyyəsinə tam hazır olmalarının vacibliyi vurğulanıb.
Bundan başqa, artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası, eləcə də ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.
Həmçinin hesabat dövründə Bakı şəhər prokurorluğunun bir əməkdaşının intizam tənbehi tədbiri olaraq tutduğu vəzifədən azad edildiyi bildirilib.
Mənbə: Modern.az