Deputat: “İqtisadiyyatımızın şaxələndirilməsi baxımından Almaniya ilə əməkdaşlıq vacibdir”

0

“Prezident İlham Əliyev Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüş keçirib. Onlar Azərbaycan ilə Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Prezidentin bu səfərindən sonra Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya ilə Azərbaycanın qurduğu əlaqələrin qarşılıqlı maraqlar və strateji əməkdaşlıq üzərində formalaşaraq yeni mərhələyə qədəm qoyacağını deyə bilərik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bu səfərinin ən mühüm nəticələrindən biri Almaniya investisiyalarının təkcə həcminin artması deyil, həm də keyfiyyətinin dəyişməsi olacaq:

“Almaniya bu gün dünyanın ən güclü sənaye və texnologiya ölkələrindən biridir və yeni iqtisadi transformasiyanın əsas mərkəzlərindən hesab olunur. Buna görə də Almaniyanın müasir texnologiyalarının, qabaqcıl istehsal modellərinin, süni intellekt həllərinin, sənaye texnologiyalarının, eləcə də idarəetmə təcrübəsinin Azərbaycana gətirilməsi iqtisadi əlaqələrin şaxələnməsinə və keyfiyyət baxımından yeni mərhələsinə qədəm qoyduğunu deyə bilərəm. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından Almaniya ilə əməkdaşlıq, xüsusilə də qeyri-neft sektoru üzrə tərəfdaşlığın genişləndirilməsi ölkə iqtisadiyyatında uzunmüddətli və dayanıqlı inkişafın təmin olunması üçün vacibdir”.

“Məlumdur ki, Almaniya dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. 5 trilyondan çox ümumi daxili məhsula (ÜDM – red.) malik olan Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücüdür. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması kimi qiymətləndirilməlidir”, – deyə parlamentari əlavə edib.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More