Sertifikasiya balına görə dərs bölgüsü aparılmamalıdır – ETİRAZ
Sertifikasiya imtahanında nisbətən aşağı bal toplayan müəllimlərə dərs bölgüsü zamanı daha az dərs saatı ayrılması və ya daha çətin hesab olunan siniflərin verilməsi ilə bağlı iddialar müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, sertifikasiya nəticələrinin müəllimlər arasında dərs bölgüsünə təsir etməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, sertifikasiya qaydalarında yüksək nəticə göstərən müəllimlər üçün yalnız əməkhaqqına əlavələr müəyyən edilib.
“51 və daha yuxarı bal toplayan müəllimlərə əməkhaqqının 35 faizi, 31-50 bal toplayanlara isə 10 faizi həcmində əlavə verilir. Sertifikasiya nəticələrinə əsasən dərs bölgüsünün aparılması ilə bağlı isə təlimatnamədə hər hansı müddəa yoxdur”, – deyə ekspert vurğulayıb.
R.Nurəliyev hesab edir ki, iki-üç ballıq fərqə görə müəllimlər arasında dərs saatlarının fərqli bölüşdürülməsi düzgün yanaşma deyil.
“Bir müəllim 49, digəri isə 51 bal toplayıbsa, bu iki bal fərqinə görə birinə daha çox, digərinə isə daha az dərs saatı verilməsi yolverilməzdir. Bu, müəllimlər arasında ayrı-seçkilik yarada, həmçinin şagird və valideynlər arasında müəllimin nüfuzuna mənfi təsir göstərə bilər”, – o bildirib.
Ekspertin sözlərinə görə, sertifikasiya nəticəsinin dərs bölgüsü vasitəsilə dolayısı ilə ictimailəşdirilməsi müəllimə münasibətin dəyişməsinə səbəb ola bilər.
“Şagirdlər və valideynlər düşünə bilərlər ki, hansısa müəllim aşağı bal topladığı üçün ona az dərs saatı və ya müəyyən siniflər verilib. Bu isə həmin müəllimə qarşı etinasız münasibətin formalaşmasına gətirib çıxara bilər”, – deyə o qeyd edib.
R.Nurəliyev bildirib ki, yalnız təmayüllü siniflərdə yüksək nəticə göstərən müəllimlərin dərs deməsi kimi yanaşma müəyyən mənada əsaslandırıla bilər. Lakin eyni məktəbdə çalışan müəllimlər arasında dərs yükünün sertifikasiya nəticəsinə görə bölüşdürülməsi doğru deyil.
Ekspert vurğulayıb ki, hazırda dərs bölgüsü məktəb rəhbərliyi tərəfindən həyata keçirilir və burada müəllimin ixtisası, pedaqoji stajı, tədris prosesi və məktəbin ehtiyacları nəzərə alınmalıdır.
“Əgər məktəbdə eyni fənni tədris edən iki müəllim varsa, dərs saatları mümkün qədər ədalətli bölüşdürülməlidir. Müəllim az dərs keçdikcə peşəkar inkişaf imkanları da məhdudlaşır. Gənc müəllimlər yuxarı siniflərdə dərs deməlidirlər ki, təcrübə qazansın və peşəkarlıqları formalaşsın. Bu baxımdan sertifikasiya balına görə məhdudiyyətlərin tətbiqi düzgün yanaşma deyil”, – deyə Ramin Nurəliyev əlavə edib.
Mənbə: Modern.az