Aktual Bu gün, 20:09 Azərbaycanın güclənən mövqeyi təxribatlara ən tutarlı cavabdır
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş statusunun növbəti təsdiqi kimi yadda qaldı. Səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri, regional və qlobal gündəlikdə yer alan məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Səfərin ən mühüm nəticələrindən biri isə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin imzalanması oldu. Bu sənəd siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyi, elm, təhsil və digər strateji istiqamətlər üzrə tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.
Məhz bu reallıq fonunda bəzi radikal müxalifət nümayəndələrinin və onlarla eyni mövqedən çıxış edən destruktiv dairələrin Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı diqqət çəkməyə hesablanmış təxribat xarakterli cəhdlərə əl atması təsadüfi deyil. Bu cür davranışlar nə siyasi etikaya, nə də dövlətlərarası münasibətlərin mahiyyətinə uyğun gəlir. Almaniya hüquq-mühafizə orqanlarının qanunvericiliyin tələblərinə uyğun şəkildə təhlükəsizliyi təmin etməsi və qanunsuz hərəkətlərin qarşısını operativ şəkildə alması hüququn aliliyinə və demokratik dəyərlərə sadiqliyin bariz nümunəsi oldu.
Heç kimə sirr deyil ki, Azərbaycanın müstəqil siyasətini, əldə etdiyi nailiyyətləri və beynəlxalq nüfuzunun davamlı yüksəlişini qəbul edə bilməyən radikal müxalifət dairələri və onları dəstəkləyən bəzi qüvvələr vaxtaşırı müxtəlif təxribat və qarayaxma kampaniyalarına əl atırlar. Lakin bu cəhdlər ölkəmizin beynəlxalq mövqeyinə təsir göstərmək gücündə deyil. Çünki Azərbaycanın nüfuzu təsadüfi iddialar və ya qərəzli aksiyalar üzərində deyil, konkret nəticələrə əsaslanan dövlət siyasəti, etibarlı tərəfdaşlıq və ardıcıl diplomatik fəaliyyət üzərində formalaşıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını təmin etməklə yanaşı, ölkəmizi regionun əsas siyasi və iqtisadi aktorlarından birinə çevirib. Azərbaycan bu gün sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın təşviqinə mühüm töhfələr verən, beynəlxalq öhdəliklərinə sadiq qalan məsuliyyətli dövlətdir. Məhz buna görə də ölkəmizlə əməkdaşlıq coğrafiyası getdikcə genişlənir, beynəlxalq tərəfdaşların Azərbaycana etimadı daha da möhkəmlənir.
Heç bir təxribat, qarayaxma kampaniyası və ya qərəzli fəaliyyət Azərbaycanın inkişaf yolunu dəyişə bilməz. Əksinə, bu cür uğursuz cəhdlər yalnız onların müəlliflərinin siyasi acizliyini və Azərbaycanın artan nüfuzunu qəbul etməkdə çətinlik çəkdiklərini nümayiş etdirir. Dövlətimizin qazandığı uğurlar, beynəlxalq tərəfdaşlarının göstərdiyi etimad və Azərbaycan xalqının dövlət başçısının ətrafında nümayiş etdirdiyi milli həmrəylik bu cəhdlərə verilən ən tutarlı cavabdır.
Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara söykənən müstəqil siyasət kursunu qətiyyətlə davam etdirəcək, beynəlxalq əməkdaşlığın genişlənməsinə, regional sabitliyin möhkəmləndirilməsinə və qlobal təşəbbüslərə töhfə verməyi davam etdirəcək. Tarix dəfələrlə sübut edib ki, dövlətlərin nüfuzu təxribatlarla deyil, həyata keçirdikləri uzaqgörən siyasət, qazandıqları etimad, əldə etdikləri real nəticələr və xalqın dövlətinə olan sarsılmaz inamı ilə ölçülür. Azərbaycanın bugünkü uğurları və gələcək inkişafı da məhz bu möhkəm təməllər üzərində qurulub.
Mənbə: Modern.az