ABŞ-İran savaşı bitəndən sonra dünyanı gözləyən risklər: Kim itirəcək, kim qazanacaq?

0

İran və ABŞ arasında artan hərbi-siyasi gərginlik, Hörmüz boğazı ilə bağlı qarşılıqlı bəyanatlar və hərbi əməliyyatlarla bağlı xəbərlərYaxın Şərqin gələcəyi ilə bağlı narahatlıqları daha da artırıb. Enerji təhlükəsizliyi, beynəlxalq gəmiçilik və qlobal neft bazarına təsir edə biləcək bu proseslər fonunda diqqət mərkəzində olan əsas suallardan biri də budur: mümkün sülh sazişi imzalansa belə, bölgədə yeni geosiyasi reallıq necə formalaşacaq və bunun dünya iqtisadiyyatı, enerji marşrutları, təhlükəsizlik mühiti üçün hansı nəticələri olacaq?

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, ABŞ-nin İrana qarşı maksimalist tələbləri, o cümlədən İranın öz milli maraqlarından imtina etməməyə yönəlik israrlı mövqeyi nəticə etibarilə 17 iyunda əldə olunan anlaşma memorandumunun qısa müddətə ortadan qaldırılmasına səbəb oldu:

“10 iyuldan etibarən isə tərəflər yenidən müharibə şəraitindədirlər. ABŞ İranın hərbi, enerji, logistik infrastrukturlarını ciddi şəkildə zərbə altında qoyub. Lakin bu fonda İranın davranışları da təhlil tələb edir. İran bütün Yaxın Şərq boyu ABŞ hərbi bazalarını vurmaqla yanaşı, regionun strateji keçid imkanlarından məhrum etməyi hədəfləyən hərbi strategiyanı reallaşdırmağa başlayıb. Bir tərəfdən İordaniyada Aqaba körfəzi sahilində limanlar vurulur, digər tərəfdən Bab əl Məndəb boğazında husilər – İranın proksi gücləri aktivləşdirilib. Ən son – bugünün məlumatına görə husilər Qırmızı dənizdə artıq 2 gəmini vurublar. Yəni müharibənin birinci mərhələsində sadəcə Hörmüz boğazının 40 günlük bağlı qalması neft qiymətlərini bir barel üçün 75 dollardan 210 dollara qaldırmışdısa, indi həm də Qırmızı dəniz üzərindən (Bab əl-Məndəb, Qırmızı dəniz-Aqaba körfəzi və Süveyş kanalı xətti ilə) Avropaya enerji tranzit xətti ciddi təhdid altındadır və qlobal iqtisadiyyat üçün yeni təsirlər doğura biləcək gücdədir”.

ABŞ-İran savaşı bitəndən sonra dünyanı gözləyən risklər: Kim itirəcək, kim qazanacaq?

“Həmçinin İsrail və ABŞ-nin Hörmüzdə yaratdığı yeni geosiyasi vəziyyət İran tərəfindən daim təhdid olunur, keçidlər təhlükəsiz deyil. Bunun üçün sülhün əldə olunması lazımdır. Lakin tərəflər maksimalist mövqeyindən imtina etmədikcə, müharibənin uzanması gözlənilir. Bu isə bütün dünyaya, xüsusilə də regiona yeni iqtisadi yük demək olacaq”, – deyə ekspert vurğulayıb.

İqtisadçı Aslan Əzimzadə isə Oxu.Az-a açıqlamasında dedi ki, yaxın zamanda sülh sazişi imzalansa belə, region və dünya iqtisadiyyatının əvvəlki vəziyyətinə tam qayıtmayacağını düşünür:

ABŞ-İran savaşı bitəndən sonra dünyanı gözləyən risklər: Kim itirəcək, kim qazanacaq?

“Çünki bu proses bir daha göstərdi ki, Yaxın Şərqdə baş verən hər hansı geosiyasi gərginlik qlobal enerji bazarına, beynəlxalq ticarətə və maliyyə bazarlarına dərhal təsir göstərir. İlk növbədə enerji təhlükəsizliyi məsələsi dövlətlərin iqtisadi siyasətində daha da ön plana çıxacaq. Neft və qaz idxalçısı olan ölkələr tədarük mənbələrini diversifikasiya etdirməyə, strateji ehtiyatlarını artırmağa və alternativ enerji marşrutlarına investisiyaları sürətləndirməyə çalışacaqlar. Bu isə yaxın illərdə yeni boru kəmərləri, liman infrastrukturu və logistika həllərinin əhəmiyyətini artıracaq”.

“İqtisadi baxımdan isə hətta sülhdən sonra belə neft bazarında müəyyən geosiyasi risk qazancı qalacaq. Bu, enerji qiymətlərinin əvvəlki səviyyələrə tam qayıtmamasına səbəb ola bilər. Enerji bahalaşması öz növbəsində nəqliyyat, logistika, sənaye və ərzaq məhsullarının maya dəyərinə də təsir göstərərək inflyasiya risklərini artıra bilər. Belə şəraitdə bir çox ölkələrin mərkəzi bankları pul kredit siyasətində daha ehtiyatlı davranmağa məcbur qala bilərlər”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, bu hadisələr qlobal enerji keçidini də sürətləndirə bilər:

“Yüksək neft qiymətləri və təchizat riskləri alternativ enerji generasiyası, elektrik nəqliyyatı, hidrogen texnologiyaları və nüvə energetikası kimi bir sıra alternativ istiqamətlərə marağı daha da artıra bilər.

Azərbaycan baxımından isə vəziyyət həm imkanlar, həm də çağırışlar yaradır. Bir tərəfdən yüksək neft və qaz qiymətləri, ixrac gəlirlərinin və bütövlükdə dövlət büdcəsinin artmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın strateji rolu daha da güclənə bilər. Digər tərəfdən isə qlobal inflyasiya, logistika xərclərinin artması və regiondakı təhlükəsizlik riskləri iqtisadiyyat üçün müəyyən təzyiqlər yarada bilər”.

A.Əzimzadə sonda onu da əlavə edib ki, nəticə etibarilə sülh sazişi hərbi gərginliyi azalda bilər:

“Lakin onun yaratdığı geosiyasi və iqtisadi nəticələr uzun müddətli olacaq. Hesab edirəm ki, qarşıdakı dövrdə dünya iqtisadiyyatının əsas prioritetləri enerji təhlükəsizliyi, təchizat zəncirinin dayanıqlılığı və geosiyasi risklərin idarə olunması olacaq. Məhz bu amillər beynəlxalq iqtisadi münasibətlərin və qlobal investisiya axınlarının yeni istiqamətlərini müəyyən edəcək”.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More