Azərbaycanda beş milyard manatdan çox ipoteka krediti verilib
Bu günə qədər Azərbaycanda 73.4 min nəfərə 5.4 milyard manat ipoteka krediti verilib.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, bunun təxminən 80%-i Fondun (dövlət) xətti, 20%-i isə bankların daxili ipoteka proqramları üzrə verilib.
“Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bankların kredit portfelində ipoteka kreditlərinin xüsusi çəkisi 15.2%-dir”, – deyə Fond rəsmisi əlavə edib.
Bundan başqa, R.Abdullayev deyib ki, Fondun zəmanət mexanizmi tətbiq edildikdən sonra – 2018-ci ildən etibarən ümumi məbləği 150 milyona yaxın manat olan 1 571 zəmanətli ipoteka krediti verilib.
“İpoteka kreditlərini alanlarda 18-29 yaş qrupunun payı 33%, 29-35 yaş qrupunun payı 34%, 35 yaşdan yuxarı şəxslərin payı isə 33% təşkil edir. Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Regionlarda verilmiş ipoteka kreditlərinin payı isə 23% təşkil edir. Ailə vəziyyətinə görə kredit alanların 67%-i evli, 33%-i subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib. 2020-2026-cı illər ərzində Fondun təqdim etdiyi alətlər hesabına faydalananların orta illik sayı 7 300-dən çox olub”, – deyə o əlavə edib.
Mənbə: Oxu.az