Mətbuat katibinin oğlu xaricdə təhsil üzrə Dövlət Proqramına seçildi

0

Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, dövlət hesabına xaricdə təhsil almaq imkanı qazanan gənclər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədovanın oğlu Nizami Ömərli də var

Nizami Böyük Britaniyanın Qlazqo Universitetində Data Analytics ixtisasında magistratura təhsili alacaq.

O, bakalavr təhsilini UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) alıb. Tələbəlik dövründə beynəlxalq sertifikatlar qazanıb, mübadilə proqramı ilə Portuqaliyanın Avropa Biznes Məktəbində oxuyub.

“Mənə görə o, təhsil həyatında qazanıla biləcək ən yüksək uğurlardan birinə imza atdı. Gənclərimizə göstərdiyi böyük dəstəyə görə dövlətimizə minnətdaram”, – UNEC-in mətbuat katibi bildirib.

Xatırladaq ki, müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına “Stanford University”, “Massachusetts Institute of Technology”, “National University of Singapore”, “University of Oxford”, “University of California, Berkeley”, “ETH Zurich”, “Harvard University”, “Yale University” kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.

A.Qorxmaz


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More