BDU-nun daha bir korpusu istifadəyə veriləcək

0

Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edir.

Universitet sərgidə abituriyentlərə təhsil proqramları, qəbul imkanları, kampus həyatı və universitetdə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim edir.

Modern.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev AzEdu.az-a açıqlamasında bildirib. 

Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bu cür tədbirlər qəbul prosesinin daha səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır:

“Hər bir ali təhsil müəssisəsi öz strateji inkişaf planına uyğun fəaliyyət göstərir və müxtəlif təqdimatlar həyata keçirir. Lakin universitetlərin eyni məkanda bir araya gələrək öz imkanlarını, nailiyyətlərini və təhsil proqramlarını abituriyentlərə təqdim etməsi onların düzgün seçim etməsinə və qəbul prosesinin daha effektiv təşkilinə mühüm töhfə verir.

Bakı Dövlət Universiteti olaraq bu cür təşəbbüsləri yüksək qiymətləndirir, həm ölkə daxilində, həm də beynəlxalq təhsil sərgilərində mütəmadi iştirak edirik.

Hazırda universitetimizdə yaradılmış yeni imkanlar barədə məlumatlar həm sərgi məkanında, həm də elektron platformalar vasitəsilə təqdim olunur. Abituriyentlərin suallarını operativ cavablandırmaq məqsədilə xüsusi elektron məlumat sistemi istifadəyə verilib. QR kod vasitəsilə sistemə daxil olan istifadəçilər onları maraqlandıran suallara qısa zamanda cavab əldə edə bilirlər.

Bununla yanaşı, universitetimizdə mütəmadi olaraq Açıq Qapı Günləri təşkil edilir. Abituriyentlər universitetə gələrək laboratoriyalar, muzeylər və kampus infrastrukturu ilə yaxından tanış olur, onları maraqlandıran suallara yerində cavab alırlar.

Bu il Bakı Dövlət Universiteti müasir dövrün tələblərinə uyğun formalaşdırılmış bir sıra yeni ixtisaslaşmalar təqdim edir. Təhsil proqramlarının yenilənməsi zamanı əmək bazarının tələbləri, işəgötürənlərin gözləntiləri, eləcə də ölkədə, regionda və dünyada müşahidə olunan inkişaf meyilləri nəzərə alınır.

Növbəti tədris ili universitetin infrastrukturunun inkişafı baxımından da əlamətdar olacaq. Əsaslı təmirə bağlanmış iri tədris korpuslarımızdan birində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yeni tədris ilindən etibarən tələbələr tamamilə yenilənmiş və müasir tədris infrastrukturu ilə təmin olunmuş binada təhsil alacaqlar.
Eyni zamanda, elmi tədqiqat və innovasiya fəaliyyətlərini əhatə edən Mükəmməllik Mərkəzində yenidənqurma işləri davam etdirilir. Kampus ərazisində tələbələrin sosial həyatını daha da zənginləşdirəcək yeni layihələr həyata keçirilir. Yaşıl kampus konsepsiyası çərçivəsində alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, yeni istirahət və ünsiyyət məkanlarının yaradılması istiqamətində işlər görülür.

Tələbələrin elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb olunması üçün yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, Bakı Dövlət Universitetinə xarici tələbələrin marağı ildən-ilə artır və növbəti tədris ilində də çoxsaylı əcnəbi tələbələrin universitetimizdə təhsil alacağı gözlənilir.

Təhsil haqları ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur. Bu il Bakı Dövlət Universitetində təhsil haqlarında əlavə artım planlaşdırılmayıb. Hesab edirik ki, əsas diqqət keyfiyyətli təhsilin təmin edilməsinə yönəldilməlidir. Təhsil prosesi qarşılıqlı məsuliyyət tələb edir və bu prosesdə həm təhsilverənlərin, həm də təhsilalanların üzərinə mühüm vəzifələr düşür.

Universitetin Strateji İnkişaf Planına uyğun olaraq bakalavriat səviyyəsində qəbul yerlərinin mərhələli şəkildə optimallaşdırılması, magistratura və doktorantura səviyyələrində isə qəbul imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər aparılır. Bu yanaşma universitetin elmi-tədqiqat potensialının daha da gücləndirilməsinə xidmət edir.

2026-2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetində bakalavriat səviyyəsində 76 ixtisas üzrə 5105, magistratura səviyyəsində isə 40 ixtisas üzrə 232 ixtisaslaşma üzrə 1606 plan yeri ayrılıb. Bu göstəricilər universitetin təhsil imkanlarının genişliyini və yüksəkixtisaslı mütəxəssis hazırlığına yönəlmiş strateji inkişaf siyasətini əks etdirir.

Əminik ki, həyata keçirilən bütün bu yeniliklər Bakı Dövlət Universitetinin inkişafına, tələbələrin daha keyfiyyətli təhsil almasına və universitetimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More