Bu müəllimlərə imtiyazlar verin! – Təhsil eksperti çağırış etdi
“Bölgələrdə müəllim vakansiyası təəssüf ki, bir çox hallarda tutulmur. Səbəb dərs saatı azlığı, əmək haqqı azlığı, yaşayış imkanlarının aşağı olmasıdır (ev olmaması, sosiallıq mühitinin azlığı). Nəticədə bu səbəblər elan edilən vakant yerlərin tutulmaması ilə nəticələnir”.
Modern.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi ucqar rayonlardakı müəllim çatışmazlığından danışarkən bildirib.
O deyib ki, vakant yerlərin tutulmamasından əziyyət çəkənlər isə şagirdlər olur.
“Fizika fənnini fiziki tərbiyə müəllimi, kimya fənnini biologiya müəllimi tədris edir. Bu çox bərbad vəziyyətdir. Çıxış yolu nədir? Çıxış yolu həvəsləndirici (H1, H2 istisna) qərarların verilməsidir. Bölgələrdə vakant yerləri seçənlərə xüsusi imtiyazlar verilə bilər. Güzəştli şərtlə mənzil almaq imkanı, kredit götürərkən aşağı faizin tətbiqi, əmək haqqı+bonus və s. kimi imkanlar yaradılsa, əminəm ki, həmin vakant yerlər konkret ixtisas sahibləri tərəfindən tutular”, – təhsil eksperti vurğulayıb.
Mənbə: Modern.az