Parlament jurnalistləri üçün qaydalar sərtləşdi:

0

Ermənistan parlamentində jurnalistlərin fəaliyyəti ilə bağlı yeni təhlükəsizlik qaydaları qüvvəyə minib və media nümayəndələrinin parlamentdə hərəkət imkanları məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Factor.am məlumat yayıb.

Məlumata görə, sədr səlahiyyətlərini müvəqqəti icra edən vitse-spiker Ruben Rubinyan parlamentin binası və ərazisində tətbiq olunacaq yeni təhlükəsizlik qaydalarını təsdiqləyən qərar imzalayıb.

Qərara əsasən, parlamentin binası və ərazisinin mühafizəsi bundan sonra da Ermənistan Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçiriləcək. Aparat rəhbərinə yeni qaydaların deputatlara, fraksiyalara, daimi komissiyaların rəhbərlərinə çatdırılması tapşırılıb. Bununla yanaşı, 2019-cu il 12 fevral tarixli əvvəlki təhlükəsizlik qaydaları ləğv edilib.

Yeni qaydalara əsasən, akkreditə olunmuş jurnalistlər yalnız onlar üçün ayrılmış xüsusi məkanlarda peşə fəaliyyətini həyata keçirə biləcəklər. Parlament binasının digər hissələrində işləmək üçün Aparat rəhbərinin icazəsi tələb olunacaq.

Komitə iclaslarını işıqlandırmaq istəyən jurnalistlərin siyahısı iclas başlamazdan azı iki saat əvvəl təqdim edilməlidir. Bundan əlavə, “xüsusi nəzarət zonaları”nda jurnalistlərin hər hansı peşə fəaliyyəti ilə məşğul olması tamamilə qadağan edilib.

Qaydalarda qeyd olunur ki, parlament ərazisində olan şəxslər Milli Assambleyanın normal fəaliyyətinə mane ola, təhqiramiz ifadələr işlədə və ya Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının qanuni tələblərinə əməl etməyə bilər. Bu cür hərəkətlər qadağan edilir.

Həmçinin parlamentə alkoqollu içkilərin (xüsusi hallar istisna olmaqla), iri həcmli çantaların, kisələrin, çamadanların, eləcə də kimyəvi, partlayıcı və tezalışan maddələrin gətirilməsi qadağan olunub.

Yeni qaydalara görə, parlamentə gələn şəxslər “uyğun xarici görünüşə” malik olmalıdır. İdman geyimində, xüsusi iş geyimində və ya “uyğunsuz” hesab edilən geyimdə parlamentə girişə icazə verilməyəcək.

Qərarda prezident, baş nazir, parlament sədri, bütün ermənilərin katolikosu və bəzi yüksək vəzifəli şəxslər üçün yoxlamasız keçid istisnaları da nəzərdə tutulub. Eyni qayda onların xidməti avtomobillərinə də şamil edilir.

Bundan başqa, Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən foto və ya video çəkmək qadağan edilib. Parlamentin iclas zalındakı lojada olan şəxslərə isə foto və video avadanlıqlardan, telefon və radio rabitəsindən istifadə etmək icazə verilmir.

İş günlərində Milli Assambleya əməkdaşları üçün giriş-çıxış saat 08:00-dan 22:00-dək müəyyən edilib. Jurnalistlər isə 08:00-dan 19:00-dək parlamentdə qala biləcəklər. Lakin parlament iclası davam edərsə, onun sonunadək binada qalmağa icazə veriləcək.

Qeyd edək ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyəti növbəti Milli Assambleya sədrinin Ruben Rubinyan olmasına qərar verib. Bildirilir ki, hazırkı parlament sədri Alen Simonyan məzuniyyətdə olduğu üçün Rubinyan rəsmi seçkini gözləmədən səlahiyyətlərini icra edən şəxs kimi bu qərarı imzalayıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More