Hansı ixtisaslarda rəqabət yüksək olacaq? – SİYAHI

0

Ali məktəblərə ixtisas seçimi mərhələsi yaxınlaşdıqca builki qəbul prosesində ən yüksək rəqabətin hansı ixtisaslar arasında yaşanacağı da abituriyentləri düşündürən əsas məsələlərdən biridir. Son illər müşahidə olunan tendensiya göstərir ki, ixtisas seçimində təkcə nüfuz deyil, əmək bazarında iş tapmaq, yüksək maaş qazanmaq və uzunmüddətli karyera perspektivi də əsas meyarlara çevrilib. Bu baxımdan bəzi ixtisaslara maraq ildən-ilə artır və həmin istiqamətlərdə rəqabət daha da kəskinləşir.

Təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, ənənəvi olaraq valideynlərin təsiri ilə seçilən ixtisaslar olsa da, son illərdə gənclər bir sıra sahələrdə qərarlarını daha çox özləri verirlər.

Onun sözlərinə görə, həkimlik və hüquqşünaslıq kimi ixtisaslarda valideyn amili hələ də güclü olaraq qalır:

“Bizim ənənəvi standart ixtisaslarımız var ki, daha çox valideynlərin iradəsi ilə seçilən ixtisaslardır. Bunlar həkimlik, hüquqşünaslıq kimi ixtisaslardır və abituriyentlər bu məsələlərdə seçim ərəfəsində daha çox təzyiq altında olurlar. Amma son illərdə populyarlaşan bir çox ixtisaslar var ki, artıq onları seçmək istəyən gənclərə valideynlər əvvəlki qədər təsir edə bilmirlər”.

Ekspert hesab edir ki, builki qəbul kampaniyasında ən yüksək rəqabət yenə də ən çox tələb görən ixtisaslar arasında yaşanacaq.

İnformasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, tibb, stomatologiya, hüquq, beynəlxalq münasibətlər, maliyyə-iqtisad, biznesin idarəedilməsi, neft-qaz mühəndisliyi kimi ixtisaslara həmişə üstünlük verilir. Eyni bal toplayan, xüsusilə də 500-dən yuxarı nəticə göstərən abituriyentlər əsasən bu ixtisaslara iddialı olurlar. Düşünürəm ki, bu il də əsas rəqabət məhz həmin istiqamətlərdə gedəcək”.

Məzahir Məmmədlinin sözlərinə görə, ötən illə müqayisədə II ixtisas qrupunda rəqabətin daha da artacağı gözlənilir:

“Bu il II ixtisas qrupuna sənəd verənlərin sayı ötən illə müqayisədə 2 500 nəfərdən çox artıb. Maraqlıdır ki, əvvəlki illərdə III qrupu seçənlərin bir hissəsi bu il II qrupa üstünlük verib. Bu səbəbdən hesab edirəm ki, xüsusilə II qrupun prestijli ixtisaslarında keçid balları müəyyən qədər yüksələ bilər. Artımın çox böyük olacağını düşünmürəm. Buraxılış imtahanlarının nəticələri də nəzərə alınarsa, bəzi ixtisaslarda 15-20 bal civarında artım mümkündür”.

Ekspert bildirib ki, əmək bazarındakı yüksək maaş və iş imkanları artıq abituriyentlərin seçimlərinə birbaşa təsir göstərir:

“Əvvəllər daha çox ixtisasın nüfuzu əsas götürülürdüsə, indi gənclər iş tapmaq imkanını, gələcək qazancı və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini düşünürlər. Onlar ən azı yaxın 10 ili hədəfləyən ixtisas seçməyə çalışırlar”.

Onun fikrincə, hazırda xüsusilə alternativ enerji və rəqəmsal texnologiyalar sahəsində ciddi kadr çatışmazlığı müşahidə olunur:

“Azərbaycanda alternativ enerji sahəsində mütəxəssis qıtlığı var. Günəş panellərinin quraşdırılması, elektrik-elektronika və avtomatlaşdırma mühəndisliyi istiqamətlərində mütəxəssislərə ehtiyac yüksəkdir. İnformasiya texnologiyaları və kompüter mühəndisliyi də artıq bir neçə ildir əmək bazarında mövqeyini möhkəmləndirib və bu sahələrə maraq davam edir”.

Məzahir Məmmədli vurğulayıb ki, süni intellektin sürətlə inkişaf etdiyi dövrdə abituriyentlər gələcək riskləri də nəzərə almalıdırlar:

“Bu gün süni intellekt artıq həyatımızın bütün sahələrinə daxil olub. Ona görə də ixtisas seçərkən təkcə bugünkü vəziyyəti yox, yaxın 10-15 ilin əmək bazarını da düşünmək lazımdır. Süni intellektin təsirindən daha az asılı olacaq sahələrə üstünlük verilməlidir. İnformasiya texnologiyaları, kiber təhlükəsizlik, data analitikası, elektrik-elektronika və avtomatlaşdırma mühəndisliyi kimi istiqamətlər gələcəkdə də əmək bazarında yüksək tələbat görəcək”.

Ekspert qeyd edib ki, son illərin tendensiyası göstərir ki, abituriyentlər artıq ixtisas seçərkən yalnız ənənəvi nüfuzu deyil, gələcək məşğulluq imkanlarını və beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazandıracaq peşələri də nəzərə alırlar.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More