Gələn il magistraturaya qəbulda nələr dəyişəcək – AÇIQLAMA

0

Bu il magistraturaya qəbul zamanı minlərlə plan yerinin boş qalması ali təhsil sistemində plan yerlərinin, qəbul qaydalarının və təhsil haqlarının yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələri gündəmə gətirib.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli və təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib.

Deputat Elçin Mirzəbəyli bildirib ki, magistraturaya marağın azalması təkcə Azərbaycana məxsus problem deyil:

“Son 10–15 ildə Avropanın bir sıra ölkələrində də bakalavr məzunlarının hamısının magistratura təhsilini davam etdirmək istəmədiyi müşahidə olunur. Bunun əsas səbəbləri əmək bazarının dəyişməsi, işəgötürənlərin daha çox bacarıq və təcrübəyə üstünlük verməsi, eləcə də alternativ təhsil formalarının populyarlaşmasıdır”.

Onun sözlərinə görə, Azərbaycanda da son illərdə magistratura üzrə plan yerlərinin dolma faizi aşağı düşür. Belə ki, 2023-cü ildə plan yerlərinin 94,6 faizi dolduğu halda, bu göstərici 2024-cü ildə 84,7 faizə, 2025-ci ildə isə təxminən 79,8 faizə enib.

Deputat hesab edir ki, bunun əsas səbəblərindən biri gənclərin daha tez əmək bazarına daxil olmaq istəməsi, digər səbəb isə magistr diplomunun bütün sahələrdə əməkhaqqı və karyera baxımından eyni üstünlük yaratmamasıdır.

Elçin Mirzəbəyli bildirib ki, plan yerləri çox, namizədlərin sayı isə az olduqda qəbul rəqabəti zəifləyir, keçid balları aşağı düşür və bu, uzunmüddətli perspektivdə magistratura diplomunun nüfuzuna mənfi təsir göstərə bilər.

Onun fikrincə, plan yerləri mexaniki şəkildə azaldılmamalı, hər proqram üzrə son illərin qəbul nəticələri, məzunların məşğulluq göstəriciləri, əmək bazarının tələbatı və ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla yenidən hesablanmalıdır.

Deputat əlavə edib ki, əmək bazarında yüksək tələbat olan ixtisaslar üzrə plan yerləri artırıla, məşğulluq göstəricisi aşağı olan proqramlarda isə azaldıla bilər.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, son illər magistraturaya müraciət edənlərin sayında azalma deyil, artım müşahidə olunur.

Onun sözlərinə görə, bu il magistraturaya 27 mindən çox müraciət qeydə alınıb. Lakin iştirakçıların böyük hissəsi aşağı nəticə göstərdiyindən plan yerlərinin əhəmiyyətli hissəsi boş qalıb.

“27 mindən artıq iştirakçının 6 mindən çoxu 0–40 arası, 3600 nəfərdən çoxu isə 0–30 arası bal toplayıb. Burada diqqətli olmalıyıq. İmtahan suallarının çətinlik səviyyəsinin müəyyən qədər azaldılması barədə düşünmək lazımdır ki, müsabiqədə daha çox namizəd iştirak edə bilsin”.

Ekspert hesab edir ki, magistraturaya qəbulun əlçatanlığını artırmaq üçün yalnız imtahan sistemi deyil, universitetlərdə illik təhsil haqları da yenidən nəzərdən keçirilməlidir.

“İllik təhsil haqları tələbələrin ödəyə biləcəyi həddə müəyyənləşdirilməlidir”.

Elçin Əfəndi qeyd edib ki, magistratura təhsilindən istifadə edənlərin bir qismi hərbi xidmətə möhlət almaq məqsədi güdsə də, əksəriyyət ixtisasını davam etdirmək və gələcək elmi-tədqiqat fəaliyyəti üçün bu təhsil pilləsini seçir.

Ekspert hesab edir ki, daha çox tələbat olan ixtisaslar üzrə plan yerlərinin artırılması, müraciət az olan proqramlarda isə azaldılması mövcud vəziyyətin yaxşılaşmasına kömək edə bilər.

O, həmçinin sosial şəbəkədə paylaşdığı mövqeyində bildirib ki, imtahan suallarının çətinlik səviyyəsinin müəyyən qədər azaldılması, təhsil haqlarının əlçatan olması və daha çox tələbat olan ixtisaslar üzrə plan yerlərinin artırılması magistraturaya qəbul sistemində mövcud problemlərin həllinə töhfə verə bilər. Hazırda 27 mindən çox müraciət qarşısında 13 min 845 nəfərin qəbul olunması və 4 minə yaxın plan yerinin boş qalması bu istiqamətdə müzakirələrin aparılması üçün kifayət qədər əsas yaradır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More