Ərdoğan generallarla bağlı önəmli qərarlar verdi
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Yüksək Hərbi Şuranın iclasında Silahlı Qüvvələrdə genişmiqyaslı kadr dəyişiklikləri təsdiqlənib. Modern.az xəbər verir ki, Prezident Ərdoğanın imzaladığı qərarlara əsasən, 25 general və admiral daha yüksək hərbi rütbəyə yüksəldilib, 69 polkovnik isə general və admiral rütbəsi alıb.
Qərarlara görə, 24 generalın xidmət müddəti bir il, 530 polkovnikin xidmət müddəti isə iki il uzadılıb.
Bundan başqa, yaş həddinə görə 2 general sentyabrın 1-dən, ştat ixtisarı səbəbindən isə 61 general və admiral avqustun 30-dan etibarən ehtiyata buraxılıb.
Şuranın qərarı ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlunun səlahiyyət müddəti daha bir il uzadılıb.
Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Cemal Kadıoğlu ehtiyata göndərildiyindən onun yerinə döyüş aviasiyası komandanı general Rafet Dalkıran təyin edilib.
Yeni təyinat və yüksəlişlərdən sonra Türkiyə Silahlı Qüvvələrində general və admiralların sayı 328-dən 334-ə yüksələcək.
Qərara əsasən, avqustun 30-dan etibarən bir sıra general və admirallar daha yüksək rütbələrə layiq görülüb, müxtəlif qoşun növlərində yeni komandan təyinatları həyata keçirilib.
Mənbə: Modern.az