Ermənistan spikeri rusiyalı həmkarı ilə mübahisələri müzakirə etdi
Ermənistan parlamentinin sədri Ruben Rubinyan Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan və Rusiya arasında parlamentlərarası əməkdaşlığın gündəliyini müzakirə edib, parlament dialoqunun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Telefon danışığında iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı mərhələsi də müzakirə olunub. Rubinyan Ermənistan məhsullarının Rusiya bazarına ixracına tətbiq edilən əsassız məhdudiyyətlərin narahatlıq doğurduğunu bildirib və problemin iki ölkə arasında mövcud hüquqi müqavilələr, eləcə də Avrasiya İqtisadi İttifaqının qaydaları çərçivəsində həllinin vacibliyini qeyd edib.
Tərəflər həmçinin Ermənistan–Avropa İttifaqı münasibətlərini müzakirə ediblər. Rubinyan bildirib ki, Rusiyanın gözlədiyi kimi, Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum yalnız rəsmi İrəvanın Aİ-yə üzvlük üçün rəsmi müraciət etməsindən və prosesin konkret mərhələyə keçməsindən sonra praktiki baxımdan mümkün ola bilər.
Söhbətin sonunda tərəflər parlamentlərarası əməkdaşlığın inkişafı və ikitərəfli gündəlikdəki məsələlər üzrə qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün açıq dialoqu davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər.
Mənbə: Modern.az