Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu – SİYAHI
2025-ci ilin tələbə qəbulu üzrə nəticələrə əsasən, özəl ali təhsil müəssisələrində qəbul planının 91,34 faizi dolub.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb.
Məlumata görə, özəl ali təhsil müəssisələri üzrə ümumilikdə 10 317 plan yeri ayrılıb. Həmin yerlərin 9 424-nə qəbul aparılıb ki, bu da qəbul planının 91,34 faizinin dolduğunu göstərir. Qəbul olunanlardan 8 588 nəfər Azərbaycan, 836 nəfər isə rus bölməsində təhsil alacaq. Onlardan 2 208 nəfəri dövlət sifarişi əsasında qəbul olunub.
İxtisas qrupları üzrə I qrupda 1 749 plan yerinə 1 546 nəfər qəbul olunub və qəbulolma faizi 88,39 təşkil edib. II qrupda 4 090 plan yerindən 3 588-i dolub, qəbulolma faizi 87,73 olub. III qrupda 3 693 plan yerindən 3 589-u tutulub və bununla da ən yüksək göstərici – 97,18 faiz qeydə alınıb. IV qrupda 575 plan yerinə 513 nəfər qəbul olunub ki, bu da 89,22 faizə bərabərdir. V qrupda isə 210 plan yerindən 188-i dolub və qəbulolma faizi 89,52 təşkil edib.
Statistikaya əsasən, subbakalavrlar üzrə ümumilikdə 1 540 nəfər qəbul olunub. Bu kateqoriya üzrə qəbul planının dolma faizi 14,93 təşkil edib.
Abituriyentlər üzrə isə 10 317 plan yerindən 7 884-nə qəbul aparılıb və qəbul planının 76,42 faizi dolub. Onlardan 7 152 nəfər Azərbaycan, 732 nəfər isə rus bölməsində təhsil alacaq. Dövlət sifarişi əsasında qəbul olunan abituriyentlərin sayı isə 2 153 nəfər olub.
Mənbə: Modern.az