Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?

0

İllər əvvəl abituriyentlər arasında belə bir tendensiya var idi ki, oğlanlar əsasən polis olmaq, qızlar isə müəllimlik peşəsini seçmək istəyirdilər. Bu yanaşma geniş yayılmış və kifayət qədər maraq doğururdu. 

Maraqlıdır hələ də Polis Akademiyasına, ümumiyyətlə hərbi akademiyalara əvvəlki illərdəki qədər maraq var, yoxsa azalma müşahidə olunur?

Modern.az-ın məlumayına görə, AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Vüsət Əzizov qeyd edib ki, hərbi təyinatlı ali təhsil müəssisələrinə maraq hələ də yüksəkdir

“Bu tendensiya həqiqətən uzun illər müşahidə olunurdu. Xüsusilə 2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində oğlanların böyük hissəsi hüquq-mühafizə və hərbi sahəyə, qızların isə müəllimlik ixtisaslarına üstünlük verirdi. Lakin son illərdə həm əmək bazarı, həm də gənclərin karyera gözləntiləri dəyişdiyi üçün bu mənzərə əvvəlki qədər qabarıq deyil.

Müşahidələr göstərir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası və hərbi təyinatlı ali təhsil müəssisələrinə maraq hələ də yüksəkdir. Xüsusilə dövlət təminatı, sabit maaş, sosial təminat və məzun olduqdan sonra işlə təmin olunma perspektivi bu sahələri cəlbedici saxlayır. Bununla belə, əvvəlki illərlə müqayisədə seçimlər daha şaxələnib. Artıq informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, mühəndislik, tibb və biznes yönümlü ixtisaslar da oğlan abituriyentlərin əsas seçimləri sırasında yer alır”.

Müəllimlik əvvəlki kimi populyar istiqamətlərdən biri olaraq qalsa da, artıq tək dominant seçim deyil:

“Qızlar arasında da ciddi dəyişiklik var. Müəllimlik əvvəlki kimi populyar istiqamətlərdən biri olaraq qalsa da, artıq tək dominant seçim deyil. Tibb, psixologiya, hüquq, kompüter elmləri, memarlıq, dizayn və beynəlxalq münasibətlər kimi sahələrə maraq nəzərəçarpacaq dərəcədə artıb.

Hərbi akademiyalara gəlincə, burada kəskin maraq azalmasından danışmaq düzgün olmaz. Sadəcə, namizədlər indi seçim edərkən daha çox əmək bazarını, gələcək karyera imkanlarını, maaş perspektivini və şəxsi maraqlarını nəzərə alırlar. Əvvəllər peşə seçimi daha çox ailə ənənələri və “nüfuzlu peşə” anlayışı ilə formalaşırdısa, bu gün gənclər daha rasional yanaşmağa çalışırlar.

Yəni ümumi mənzərə belədir ki,polis və hərbi təhsil istiqamətləri öz cəlbediciliyini qoruyur, lakin artıq əvvəlki kimi “ən populyar seçim” statusunu təkbaşına daşımır. Gənclərin peşə seçimi daha müxtəlifləşib və əmək bazarındakı yeni tələblər bu seçimlərə ciddi təsir göstərir”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More