Hakim II Qareginin məhkəmə işindən imtina etdi – YENİLƏNİB

0

Ermənistanda katolikosun işi üzrə hakim özünə etiraz verdi.

Modern.az xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qareginin (Bütün ermənilərin katolikosu) işi üzrə keçirilən məhkəmə iclasında gözlənilməz hadisə baş verib.

Katolikosun vəkili Ruben Zöhrabyan jurnalistlərə açıqlamasında bildirib ki, işə baxan hakim Akop Manukyan özünə etiraz (özünə kənarlaşdırma) verərək işə baxmaqdan imtina edib.

Vəkilin sözlərinə görə, istintaq orqanları, prokurorluq və məhkəmə kilsənin daxili işlərinə müdaxilə edir:

“Bu gün katolikos və din xadimləri yalnız öz kanonik səlahiyyətlərini həyata keçirdiklərinə görə ittiham olunurlar. Dövlət istintaq, prokurorluq və məhkəmə vasitəsilə kilsənin daxili həyatına müdaxilə edib. Bu, həm qanunlarla, həm də beynəlxalq hüquqla qadağandır. Hazırda utancverici vəziyyətlə üz-üzəyik”.

Zöhrabyan bildirib ki, hakim özünə etiraz qərarını tərəfsizliyinə şübhə yarana biləcəyi ehtimalını nəzərə alaraq qəbul edib.

“Şəxsi fikrimcə, bu, hakimə etiraz üçün hüquqi əsas deyildi. Lakin o hesab etdi ki, müəyyən şübhələr yarana bilər və buna görə də işdən kənarlaşdı. Mən bu addımı alqışlayıram. Əslində, o, bu utancverici prosesin bir hissəsi olmaqdan imtina etdi”, – deyə vəkil vurğulayıb.

Onun sözlərinə görə, iş artıq başqa hakimə həvalə olunacaq. Yeni təyin ediləcək hakim özünə etiraz verməzsə, məhkəmə araşdırmasını davam etdirəcək.

Vəkil həmçinin prokurorluq nümayəndələrinin və zərərçəkmiş qismində tanınan Arman Saroyanın məhkəmədə iştirak etdiyini bildirib. O iddia edib ki, Saroyan məhkəmə zalına hakimlər üçün nəzərdə tutulan girişdən daxil olub.

Zöhrabyan qeyd edib ki, Ermənistan tarixində son 100 ildə Bütün ermənilərin katolikosuna qarşı belə miqyaslı cinayət təqibi olmayıb.

“1930-cu illərdə sovet çekistlərinin katolikos Xoren Muradbekyanı öldürdüyü hadisədən sonra bu səviyyədə təzyiq olmayıb. İndi isə katolikos öz kanonik səlahiyyətlərini həyata keçirdiyinə görə cinayət təqibinə məruz qalır”, – deyə o bildirib.

Vəkil əlavə edib ki, məhkəmədə Arman Saroyanın katolikosa tabe olacağına dair and sənədini təqdim etməyi planlaşdırsa da, iclasın gedişi buna imkan verməyib.

16:16

Ermənistanın paytaxtı İrəvanda Bütün Ermənilərin Katolikosu II Qaregin və altı yepiskopun işi üzrə məhkəmə prosesi başlayıb.

Modern.az xəbər verir ki, məhkəmə binası qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Sosial şəbəkələrdə və yerli KİV-lərdə yayılan görüntülərdə məhkəmə binası ətrafındakı vəziyyət, eləcə də məhkəmə zalından kadrlar əks olunub.

O,  Ermənistan Apostol Kilsəsinin digər yüksək rütbəli din xadimləri və keşişlər isə “Müqəddəs Eçmiədzin taxtını sarsılmaz qoru” şərakanını ifa edib, ardınca “Atamız” duasını oxuyublar.

Qeyd edək ki, II Qaregin və Ali Ruhani Şuranın üzvü olan yepiskoplar məhkəmənin patriarxın kanonik qərarını qadağan edən qərarını icra etməməkdə ittiham olunurlar.

Cinayət işi hələ bu ilin fevralında başlanılıb və keşişlikdən uzaqlaşdırılmış Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olunması iddiası ilə əlaqələndirilir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti II Qaregin və altı yüksək rütbəli din xadimini məhkəmə qərarının icrasına mane olmaqda ittiham edir. Təqsirləri sübuta yetiriləcəyi halda onlar iki ilədək azadlıqdan məhrum edilə bilərlər.
 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More