Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
2026-cı ilin I yarısında KOB evlərində sahibkarlara daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı xidmətlər göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129 698 xidmət), “Azərpoçt” MMC (46 020), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29 867), Dövlət Gömrük Komitəsi (14 481) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13 962) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Ümumilikdə cari ilin I yarısında bu beş qurum tərəfindən KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim edilib.
Sahibkarlar adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində KOB evlərində (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) sahibkarlara ümumilikdə 312 365 xidmət göstərilib ki, bunlardan 271 996-sı G2B, 40 369-u B2B xidmətlər olub. KOBİA strukturuna daxil olan KOB evlərində sahibkarlara biznesə başlamaq və biznesi inkişaf etdirmək üçün ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox xidmət göstərilir.
Mənbə: Oxu.az