Vaşinqton razılaşmalarının yaratdığı reallıq – Geosiyasi NƏTİCƏLƏR

0

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair mühüm sənədlərin imzalanmasının bir ilinin tamam olması Cənubi Qafqazın geosiyasi arxitekturasında baş verən tarixi dəyişikliklərin qiymətləndirilməsi üçün mühüm fürsət hesab oluna bilər. Son bir il ərzində baş verən proseslər sübuta yetirdi ki, bölgədə dayanıqlı sülhə aparan yol artıq keçmiş münaqişə paradiqmalarından yox, dövlətlərin suverenliyinə, beynəlxalq hüquqa və qarşılıqlı maraqlara əsaslanan yeni regional əməkdaşlıq modelindən keçir. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində yaratdığı yeni reallıq, 2023-cü ildə suverenliyinin tam bərpası və ölkəmizin irəli sürdüyü, təşviq etdiyi sülh gündəliyi Vaşinqton razılaşmaları ilə institusional hüquqi məzmun qazandı.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib. 

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi bu prosesdə ilk növbədə siyasi iradənin formalaşdırılması baxımından əhəmiyyətli rol oynadı.

“ABŞ Administrasiyasının əvvəlki dövrlərdə üstünlük verdiyi birtərəfli, nəticəsiz və süründürməçi davranışlarından, uğursuz vasitəçilik fəaliyyətindən fərqli olaraq, Tramp Administrasiyası daha çox praktiki nəticəyə hesablanan yanaşma nümayiş etdirdi. Burada əsas məqam ondan ibarət idi ki, Vaşinqton yeni geosiyasi reallığın qəbul edilməsinə üstünlük verdi. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi ilə üst-üstə düşürdü.

Prosesin uğurunda Prezident İlham Əliyevlə Donald Tramp arasında formalaşmış birbaşa siyasi dialoq da mühüm rol oynadı. Dövlət başçıları arasında aparılan məktub mübadiləsi və qarşılıqlı siyasi mesajlar tərəflər arasında etimad mühitinin formalaşmasına xidmət etdi. Diplomatiyada şəxsi siyasi ünsiyyət çox vaxt rəsmi danışıqlardan daha böyük nəticələr doğurur. Çünki belə təmaslar qərarların qəbul edilməsini sürətləndirir və vasitəçinin tərəflərə təsir imkanlarını artırır. Bu baxımdan, Tramp Administrasiyasının Azərbaycanın regional lider rolunu qəbul etməsi Vaşinqton danışıqlarının uğurla nəticələnməsinə təsir göstərən mühüm amillərdən biri kimi qiymətləndirilə bilər”.

Deputatın sözlərinə görə, Vaşinqtonda imzalanan sənədlərin siyasi mahiyyəti ondan ibarətdir ki, bu sənədlər ilk dəfə olaraq münaqişədən sonrakı dövrün hüquqi və siyasi çərçivəsini konkret prinsiplər əsasında formalaşdırdı:

“Bu sənədlər Azərbaycanın uzun müddətdir irəli sürdüyü beş əsas prinsipin praktik müstəviyə keçirilməsi üçün mühüm siyasi-hüquqi baza formalaşırdı. Həmin prinsiplər dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı, bir-birinə qarşı ərazi iddialarından imtina, gücdən istifadə etməmək və kommunikasiyaların açılması kimi fundamental beynəlxalq hüquq normalarına əsaslanırdı. Əslində bu prinsiplər yeni bir hüquqi mexanizm deyil, mövcud beynəlxalq hüququn regionda tətbiqinin təmin edilməsinə yönəlmiş siyasi iradənin ifadəsi idi”.

Deputat həmçinin vurğulayıb ki, hüquqi baxımdan Vaşinqton sənədləri yekun sülh müqaviləsinin hazırlanması üçün zəruri siyasi öhdəliklərin formalaşmasına xidmət edib:

“Bu razılaşmalar gələcəkdə delimitasiya və demarkasiya prosesinin sürətlənməsi, regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi üçün hüquqi baza rolunu oynadı. Bu isə o deməkdir ki, tərəflər arasında münasibətlər ilk dəfə olaraq münaqişənin idarə olunması məntiqindən çıxaraq əməkdaşlıq modelinə keçid perspektivi qazandı.

Vaşinqton razılaşmalarının yaratdığı ən mühüm imkanlardan biri Ermənistanın da regionun yeni iqtisadi və nəqliyyat sisteminə inteqrasiyası perspektivinin yaranması oldu. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh yalnız siyasi sənəd deyil, həm də iqtisadi əməkdaşlıq platforması olmalıdır. Bu baxımdan kommunikasiyaların açılması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının genişlənməsi, regional enerji layihələrinin inkişafı bütün Cənubi Qafqaz üçün yeni iqtisadi dinamika yarada bilər”.

E.Mirzəbəyli onu da nəzərə çatdırıb ki, bu kontekstdə TRIPP layihəsi xüsusi diqqət çəkir:

“Layihənin reallaşdırılması istiqamətində atılan addımlar göstərdi ki, Cənubi Qafqaz artıq yalnız təhlükəsizlik problemlərinin müzakirə olunduğu məkan deyil, həm də qlobal logistika, enerji və investisiya marşrutlarının mühüm hissəsinə çevrilmək potensialına malikdir. Əgər bu layihə tam şəkildə həyata keçirilərsə, Azərbaycan regionun əsas tranzit və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək, Ermənistan isə uzun illər davam edən nəqliyyat təcridindən çıxmaq imkanı əldə edəcək. Bu isə sülhün iqtisadi əsaslarının möhkəmlənməsinə xidmət edən mühüm amildir”.

Deputat əlavə edib ki, Vaşinqton prosesinin geosiyasi nəticələri də diqqətəlayiqdir:

“Son bir il ərzində formalaşan siyasi mühit göstərdi ki, Cənubi Qafqazda xarici güclərin rəqabəti tədricən əməkdaşlıq gündəliyi ilə əvəzlənir. Azərbaycanın təşəbbüskar mövqeyi, Türkiyə ilə strateji müttəfiqliyi, ABŞ-ın vasitəçilik səyləri və region dövlətlərinin iqtisadi maraqları yeni təhlükəsizlik modelinin formalaşmasına şərait yaradır. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, regional proseslərin gündəliyi artıq daha çox bölgə dövlətlərinin maraqları əsasında müəyyənləşir.

Tarixi Vaşinqton səfərinin əhəmiyyəti də məhz burada özünü göstərir. Bu səfər təkcə iki dövlət arasında növbəti diplomatik görüş deyildi. O, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın beynəlxalq səviyyədə qəbul olunmasının və sülh gündəliyinin qlobal siyasi dəstək qazanmasının nümayişi idi. Vaşinqtonda əldə edilən razılaşmalar göstərdi ki, Azərbaycanın irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa söykəndiyi üçün geniş beynəlxalq legitimlik qazanır və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün ən rasional platforma hesab olunur.

Nəticə etibarilə, Vaşinqton razılaşmalarının bir ili göstərdi ki, Cənubi Qafqaz artıq postmünaqişə mərhələsindən postinteqrasiya mərhələsinə keçid imkanları əldə edib. Bu prosesin uğuru isə tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə sadiqliyindən, sülh müqaviləsinin yekunlaşdırılmasından və regional əməkdaşlıq layihələrinin ardıcıl şəkildə həyata keçirilməsindən asılı olacaq. Azərbaycanın təşəbbüskarı olduğu beş prinsip əsasında formalaşan sülh gündəliyi bu gün də regionun ən real və beynəlxalq hüquqa uyğun inkişaf modeli kimi öz aktuallığını qoruyur”, – deyə E.Mirzəbəyli fikrini tamamlayıb. 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More