Deputatdan təklif: “Ən yaxşı məktəb” anlayışı dəyişməlidir
Azərbaycanda ümumi təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi son illərdə təhsil siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Məktəblərin nəticələrinin müqayisəli təhlili, uğurlu təcrübələrin müəyyənləşdirilməsi və inkişaf ehtiyacı olan sahələrin üzə çıxarılması baxımından məktəb reytinqlərinin əhəmiyyəti var.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Mehriban Vəliyeva bildirib ki, məktəblərin fəaliyyətinin qiymətləndirilməsi və reytinqlərinin formalaşdırılması təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm idarəetmə alətlərindən biri ola bilər:
“Azərbaycanda məktəblər arasında müəyyən mənada reytinq və müqayisəli qiymətləndirmə artıq mövcuddur. Əslində, Azərbaycanda məktəblər arasında müəyyən mənada reytinq və müqayisəli qiymətləndirmə artıq mövcuddur. Həm paytaxt məktəbləri, həm regionlar, həm də ayrı-ayrı rayonlar üzrə təhsil müəssisələrinin nəticələri müxtəlif göstəricilər əsasında müqayisə edilir. Burada xüsusilə buraxılış və qəbul imtahanlarının nəticələri, respublika və beynəlxalq olimpiadalarda əldə olunan nailiyyətlər, müxtəlif müsabiqələrdə iştirak və uğurlar, idman göstəriciləri və digər meyarlar nəzərə alınır”.
Deputat qeyd edib ki, müasir təhsil sistemində məktəbin uğurunu yalnız şagirdlərin imtahan nəticələri ilə ölçmək düzgün deyil:
“Lakin müasir təhsil sistemində məktəbin uğurunu yalnız şagirdin imtahanda topladığı balla ölçmək düzgün olmazdı. Məktəbin əsas vəzifəsi yalnız yüksək bal toplayan şagird yetişdirmək deyil. Məktəb eyni zamanda uşağın şəxsiyyət kimi formalaşmasına, sosial və kommunikativ bacarıqlarının inkişafına, yaradıcılıq potensialının üzə çıxarılmasına, vətənpərvərlik və vətəndaşlıq dəyərlərinin aşılanmasına, sağlam həyat tərzinin təşviqinə və gələcək həyata hazırlanmasına xidmət etməlidir. Bu baxımdan məktəb reytinqinin yaradılması və ya mövcud qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi zamanı çoxmeyarlı yanaşma əsas götürülməlidir”.
M.Vəliyeva söyləyib ki, buraxılış imtahanlarının nəticələri mühüm göstərici olsa da, məktəbin fəaliyyətinin yalnız bir komponenti kimi qiymətləndirilməlidir:
“Digər mühüm istiqamət müəllimlərin peşəkarlığı və məktəbdə yaradılmış təhsil mühitidir. Müəllimlərin sertifikatlaşdırma nəticələri, peşəkar inkişaf proqramlarında iştirakı, innovativ tədris metodlarından istifadə, məktəbdə rəqəmsal texnologiyaların tətbiqi, şagird-müəllim münasibətlərinin keyfiyyəti və məktəb rəhbərliyinin idarəetmə bacarığı da qiymətləndirmə sistemində nəzərə alınmalıdır. Şagirdlərin inkişaf dinamikası da məktəblərin qiymətləndirilməsində xüsusi əhəmiyyət daşımalıdır. Eyni başlanğıc imkanlarına malik olmayan məktəbləri yalnız yekun nəticələr əsasında müqayisə etmək hər zaman ədalətli deyil.Buna görə də məktəbin şagirdə əlavə etdiyi dəyər, yəni şagirdin əvvəlki göstəricisi ilə sonrakı nəticəsi arasındakı inkişaf da nəzərə alınmalıdır. Bu, daha ədalətli və obyektiv qiymətləndirmə modelinin formalaşmasına imkan verər”.
Olimpiada, elm, STEAM, robototexnika, incəsənət və idman sahəsində əldə olunan nəticələrin də reytinq sistemində əksini tapmasının vacibliyini qeyd edən deputat bildirib ki, müasir məktəb yalnız akademik bilik verən müəssisə deyil:
“Bir məktəbin olimpiada qalibləri yetişdirməsi onun elmi potensialını, idman uğurları şagirdlərin fiziki inkişafına verilən önəmi, innovasiya və texnologiya üzrə nailiyyətləri isə gələcəyin bacarıqlarına istiqamətlənməsini göstərə bilər. Məktəblərin qiymətləndirilməsində inklüzivlik, xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün yaradılan imkanlar, məktəbdən yayınma hallarının azaldılması, davamiyyət, şagird təhlükəsizliyi, psixoloji mühit, valideyn-məktəb əməkdaşlığı və sosial layihələrdə iştirak kimi göstəricilərin də nəzərə alınmasını vacib sayıram. Belə bir sistemin tətbiqində əsas məsələ reytinqin məqsədinin düzgün müəyyənləşdirilməsidir. Reytinq məktəbləri bir-birinə qarşı qoyan və yalnız “ən yaxşı məktəb” anlayışını formalaşdıran mexanizmə çevrilməməlidir. Onun əsas məqsədi məktəblərin güclü və zəif tərəflərini müəyyənləşdirmək, inkişaf istiqamətlərini göstərmək və qabaqcıl təcrübələrin digər məktəblərə transferini təmin etmək olmalıdır”.
Mehriban Vəliyeva reytinqin yalnız imtahan nəticələri əsasında formalaşdırılmasının müəyyən risklər yarada biləcəyini də diqqətə çatdırıb:
“Əgər məktəblərin reytinqi yalnız imtahan nəticələri əsasında müəyyənləşdirilərsə, məktəblərdə yalnız yüksək bal toplamağa yönəlmiş yanaşma yarana bilər. Bu isə təhsilin daha geniş məqsədlərinin – şəxsiyyətin, yaradıcılığın, tənqidi düşüncənin, sosial bacarıqların və digər kompetensiyaların inkişafının arxa plana keçməsi riskini yaradar. Sosial və iqtisadi imkanları fərqli olan məktəblərin eyni meyarla qiymətləndirilməsi də obyektivlik məsələsini gündəmə gətirə bilər. Bu səbəbdən “məktəblərin reytinqi” anlayışı ilə yanaşı, “məktəblərin inkişaf göstəriciləri” yanaşmasının da gücləndirilməsinə ehtiyac var. Burada reytinqin nəticəsi məktəbin üzərinə əlavə təzyiq yaratmaqdan çox, onun inkişaf strategiyasının hazırlanmasına xidmət etməlidir”.
Parlamentari paytaxt və region məktəblərinin müqayisəsində də xüsusi metodoloji yanaşmanın vacibliyini vurğulayıb:
“Regionlarda yüksək nəticə göstərən məktəblərin uğurlarını ayrıca qiymətləndirmək və onların əldə etdiyi nəticələri təşviq etmək vacibdir. Eyni zamanda region məktəblərinin üzləşdiyi obyektiv çətinliklər də nəzərə alınmalıdır. Bu, həm ədalətli rəqabət, həm də regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda məktəblərin qiymətləndirilməsi daha sistemli, şəffaf və çoxmeyarlı modelə əsaslana bilər. Bu modeldə buraxılış və qəbul imtahanlarının nəticələri, şagirdlərin fərdi inkişaf dinamikası, müəllimlərin peşəkarlığı, olimpiada və müsabiqə nailiyyətləri, idman və yaradıcılıq göstəriciləri, rəqəmsal və innovativ təhsil imkanları, inklüzivlik, məktəbdaxili mühit, davamiyyət, valideyn-məktəb əməkdaşlığı və digər göstəricilər balanslı şəkildə nəzərə alınmalıdır”.
Deputat qeyd edib ki, qiymətləndirmə meyarları əvvəlcədən aydın müəyyənləşdirilməli, metodologiya ictimaiyyət üçün əlçatan olmalı və nəticələr şəffaf şəkildə təqdim edilməlidir:
“Məktəblər hansı göstəriciyə görə hansı nəticəni əldə etdiyini bilməlidir. Belə olduqda reytinq sadəcə sıralama deyil, həm də məktəb rəhbərləri, müəllimlər, valideynlər və təhsil siyasətini həyata keçirən qurumlar üçün analitik məlumat bazasına çevrilə bilər. Azərbaycan təhsil sisteminin əsas hədəfi məktəbləri “birinci”, “ikinci”, “üçüncü” yerlərə bölmək deyil, hər bir məktəbin öz potensialına uyğun olaraq daha yüksək nəticəyə çatmasını təmin etməkdir. Sağlam rəqabət də məhz bu prinsiplər üzərində qurulmalıdır. Bu mənada məktəblər arasında artıq formalaşmış müqayisəli qiymətləndirmə və reytinq təcrübəsinin daha müasir, obyektiv və çoxmeyarlı sistemə keçirilməsi məqsədəuyğun olardı. Düzgün qurulduğu halda belə bir mexanizm məktəblər arasında sağlam rəqabəti stimullaşdıra, qabaqcıl təcrübələrin yayılmasına, müəllim və məktəb rəhbərlərinin məsuliyyətinin artmasına, valideynlərin daha dolğun informasiya əldə etməsinə və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi töhfə verə bilər”.
“Əsl reytinqin məqsədi kiminsə qalib, kiminsə məğlub elan edilməsi deyil. Əsas məqsəd bütün məktəblərin inkişaf etməsi, hər bir uşağın keyfiyyətli təhsil almaq imkanlarının genişlənməsi və Azərbaycan təhsilinin rəqabətqabiliyyətliliyinin daha da artırılmasıdır”, – deyə deputat vurğulayıb.
Mənbə: Modern.az