Kolumbiyada güclü zəlzələ qəhvə ixracını tamamilə dayandırdı
Kolumbiyada baş verən güclü zəlzələdən sonra bu ölkədən qəhvə ixracatı, demək olar ki, tamamilə dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Milli Qəhvə İxracatçıları Assosiasiyasının (Asoexport) rəhbəri Qustavo Qomes bildirib ki, hazırda istehsal və ixrac prosesləri fəaliyyətini dayandırıb. Nəqliyyat və qəhvə emalı şirkətlərinin böyük əksəriyyəti zəlzələdən ziyan çəkmiş ərazilərin yaxınlığındakı qəhvə istehsalı zonalarında yerləşir.
Məlumata görə, yollarda yaranmış acınacaqlı vəziyyət üzündən ölkənin qəhvə ixracı üçün əsas limanı olan, Sakit okean sahilindəki Buenaventuraya gediş-gəliş kəsilib. Yolların nə vaxt bərpa olunacağı ilə bağlı məlumat verilmir.
Bundan əlavə, limanın infrastrukturuna da ciddi zərər dəyib. Kolumbiyanın Karib dənizi sahilində yerləşən limanlarında ciddi dağıntılar olmasa da, yük avtomobillərinin çatışmazlığı qəhvənin bu istiqamətə yönləndirilməsini xeyli çətinləşdirir.
Agentliyin məlumatında vurğulanır ki, yol və müəssisələr yenidən fəaliyyətə başlasa belə, ixracın həcmi dərhal əvvəlki səviyyəyə çatmayacaq. Yığılıb qalan qəhvə məhsullarının limanlara eyni vaxtda daşınması nəqliyyat sıxlığına səbəb ola bilər.
Nəşr qeyd edir ki, Kolumbiya hər ay hər biri 60 kq olan təqribən bir milyon kisə qəhvə ixrac edir, buna görə də dayanma müddətinin hər günü tədarükün nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxaracaq.
Mənbə: Oxu.az