Naxçıvanın iqtisadi xəritəsi yenilənir – Oxu.az

0

Naxçıvan Azərbaycanın siyasi, tarixi və iqtisadi həyatında xüsusi mövqeyə malik ərazidir. Bu qədim torpağın Azərbaycan tarixindəki çəkisi yalnız onun zəngin keçmişi, strateji coğrafiyası və təbii imkanları ilə ölçülmür. Naxçıvan Azərbaycan dövlətçiliyinə ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyət bəxş edən torpaqdır. Ümummilli liderin adı ilə bağlı dövlətçilik irsi Naxçıvanın tarixi yaddaşında xüsusi yer tutmaqla yanaşı, bu diyarın Azərbaycanın taleyindəki rolunu daha da dərinləşdirir. Son illər Naxçıvanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər onun tarixi və strateji əhəmiyyətinə yeni məzmun qazandırır. Coğrafi mövqeyi, təbii resursları və regional nəqliyyat-kommunikasiya imkanları Naxçıvanın qarşıdakı dövrdə Azərbaycanın iqtisadi və regional əlaqələr sistemində daha mühüm mövqe tutması üçün ciddi əsaslar yaradır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvana son səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində təqdim olunan layihələr və səsləndirilən fikirlər Naxçıvanın inkişafının ayrı-ayrı sahələr üzrə deyil, qarşılıqlı əlaqəli istiqamətlər əsasında qurulduğunu göstərir. Nəqliyyatdan enerjiyə, sənayedən kənd təsərrüfatına, turizmdən sosial infrastruktura qədər həyata keçirilən layihələr Naxçıvanın iqtisadi və sosial inkişafını eyni vaxtda hərəkətə gətirən vahid yanaşmanı formalaşdırır.

Naxçıvanın gələcək inkişaf modelinin əsas xüsusiyyətlərindən biri onun coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsidir. Uzun müddət Azərbaycanın əsas hissəsindən ayrı yerləşməsi Naxçıvanın iqtisadi əlaqələrində əlavə məhdudiyyətlər yaradıb. Lakin regional nəqliyyat əlaqələrinin bərpası perspektivi bu vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın gələcəkdə əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəyi barədə fikri bu baxımdan mühüm strateji istiqamət müəyyən edir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının təmin olunması ilk növbədə iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək. Bunun nəticəsində yükdaşıma imkanlarının artması, logistika infrastrukturunun inkişafı, ticarət dövriyyəsinin genişlənməsi və yerli istehsalın daha böyük bazarlara çıxışı üçün əlverişli şərait yarana bilər.

Zəngəzur dəhlizi ilə bağlı proseslər də Naxçıvanın iqtisadi perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihəyə yalnız nəqliyyat infrastrukturu kimi yanaşmaq düzgün olmaz. Nəqliyyat bağlantısının bərpası Naxçıvanın iqtisadi inteqrasiyasını gücləndirə, onun logistika və ticarət imkanlarını genişləndirə bilər. Eyni zamanda, nəqliyyat əlaqələrinin inkişafı regionda yeni xidmət sahələrinin, logistika mərkəzlərinin və sahibkarlıq fəaliyyətinin yaranmasına şərait yarada bilər.

Naxçıvanın iqtisadi inkişafında ikinci mühüm istiqamət enerji sektorudur. Son dövrdə həyata keçirilən günəş və su elektrik stansiyaları layihələri regionun enerji təminatının möhkəmləndirilməsi ilə yanaşı, gələcəkdə enerji istehsalının iqtisadi fəaliyyətin digər sahələri ilə əlaqələndirilməsi üçün imkan yaradır. Prezident İlham Əliyevin müsahibəsində “Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq” fikrini bu kontekstdə xüsusi qeyd etmək lazımdır. Bu yanaşma Naxçıvanın enerji siyasətində mühüm dəyişiklik ehtimalını ortaya qoyur. Məqsəd yalnız enerji tələbatının ödənilməsi deyil, enerji istehsalının iqtisadi gəlir və ixrac imkanına çevrilməsidir.

“Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları, “Ordubad” və “Tivi” su elektrik stansiyaları bu istiqamətdə həyata keçirilən layihələr sırasındadır. Enerji istehsalının genişlənməsi Naxçıvanda sənaye müəssisələrinin yaradılması və investisiya fəaliyyətinin artırılması üçün də mühüm şərtlərdən biri ola bilər.

Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sənaye parkının qarşısında duran əsas vəzifə yalnız yeni müəssisələrin yerləşdirilməsi deyil, istehsal zəncirinin formalaşdırılması olmalıdır. Enerji, xammal, logistika, əmək resursları və bazara çıxış imkanlarının bir sistem daxilində birləşdirilməsi Naxçıvanın sənaye potensialının daha səmərəli istifadəsinə imkan verə bilər. Sənayeləşmənin digər mühüm nəticəsi məşğulluğun genişlənməsidir. Yeni müəssisələrin yaradılması birbaşa iş yerləri ilə yanaşı, təchizat, logistika və xidmət sahələrində də əlavə məşğulluq imkanları yaradır. Buna görə Naxçıvanda sənaye siyasətinin nəticələri müəssisələrin sayı ilə yanaşı, yaradılan əlavə dəyər, əmək məhsuldarlığı, ixrac və məşğulluq göstəriciləri əsasında qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Prezident Sərəncamı ilə ümumilikdə 258 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulması regionun inkişafına kompleks yanaşmanın mühüm göstəricisidir. Vəsaitin avtomobil yollarının təmiri, enerji, təhsil, sosial mənzil, məktəbəqədər təhsil, ictimai nəqliyyat və digər sahələrə yönəldilməsi iqtisadi inkişafla sosial siyasətin paralel aparıldığını göstərir. 420 kilometr avtomobil yolunun təmiri Naxçıvanın rayonları arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bunun iqtisadi nəticəsi isə daha geniş ola bilər. Nəqliyyat xərclərinin azalması kənd təsərrüfatı və digər yerli məhsulların bazara çıxış imkanlarını yaxşılaşdırır, rayonlararası iqtisadi dövriyyəni artırır və sahibkarlıq fəaliyyəti üçün əlavə imkanlar yaradır.

Eyni zamanda, Naxçıvan Dövlət Universitetində yeni yataqxananın yaradılması, məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, sosial mənzil layihələrinin həyata keçirilməsi və ictimai nəqliyyatın yenilənməsi regionun yalnız istehsal potensialının deyil, yaşayış mühitinin də inkişaf etdirildiyini göstərir. İqtisadi inkişafın davamlılığı üçün bu iki istiqamətin birlikdə aparılması olduqca vacibdir. İnvestisiya üçün əlverişli iqtisadi mühitin yaradılması və paralel olaraq əhalinin təhsil, yaşayış, nəqliyyat və sosial xidmətlərə çıxışının yaxşılaşdırılması bir-birini tamamlayır.

Bu baxımdan birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfər çərçivəsində mədəni irsin qorunmasına göstərdiyi diqqət xüsusi qeyd olunmalıdır. Möminə xatun türbəsində aparılan bərpa-konservasiya işləri və Əcəmi Naxçıvani irsinə verilən önəm Naxçıvanın tarixi simasının qorunması ilə yanaşı, onun mədəni potensialının gələcək inkişaf üçün dəyərləndirilməsinə xidmət edir. Bu yanaşma göstərir ki, Naxçıvanın yenilənməsi yalnız müasir infrastrukturla deyil, onun əsrlərdən gələn tarixi-mədəni kimliyinin qorunması ilə paralel aparılır.

Bununla yanaşı, tarixi-mədəni irsin qorunması turizmin inkişafı üçün də əlavə imkanlar yaradır. Naxçıvanın turizm potensialının reallaşdırılması gələcəkdə region iqtisadiyyatının şaxələndirilməsi üçün mühüm istiqamətlərdən biri ola bilər. Bunun üçün yalnız turist axınının artırılması deyil, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, qalma müddətinin uzadılması, yerli məhsulların turizm dövriyyəsinə cəlb edilməsi və kiçik sahibkarlığın bu prosesdə iştirakının genişləndirilməsi vacibdir. Kənd təsərrüfatı da Naxçıvanın iqtisadi inkişafında mühüm rol oynaya bilər. Suvarma imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması aqrar sektorun inkişafına şərait yaradır. Gələcək mərhələdə əsas diqqətin istehsalın emal sənayesi ilə əlaqələndirilməsinə yönəldiləcəyi görünür. Məhsulun yalnız istehsal olunması deyil, Naxçıvanda emal edilməsi onun iqtisadi dəyərini əhəmiyyətli dərəcədə artıracaq. Bu, həm kənd təsərrüfatının gəlirliliyini yüksəldəcək, həm də emal sənayesində yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.

Şübhəsiz ki, Naxçıvanın iqtisadi perspektivlərini müəyyən edən amillər sırasında onun tarixi və geosiyasi mövqeyi xüsusi yer tutur. Türkiyə ilə birbaşa sərhəd, Azərbaycanın əsas hissəsi ilə gələcək nəqliyyat bağlantısı və regional kommunikasiya imkanları Naxçıvanın iqtisadi əhəmiyyətini artıran mühüm faktorlardır. Müasir regional iqtisadiyyatda nəqliyyat və logistika imkanları ölkələr və regionlar arasında iqtisadi əlaqələrin əsas determinantlarından birinə çevrilib. Bu baxımdan Naxçıvanın yerləşdiyi coğrafiyanın gələcəkdə daha geniş iqtisadi funksiyalar qazanması real perspektiv kimi qiymətləndirilə bilər.

Naxçıvanın 2044-cü ilədək inkişafına dair Baş planın hazırlanması isə regionun gələcəyinə uzunmüddətli baxışın formalaşdırılması baxımından mühüm addımdır. Belə planlaşdırma şəhərsalma, nəqliyyat, yaşayış, sosial infrastruktur və iqtisadi fəaliyyət sahələrinin qarşılıqlı əlaqədə inkişafını təmin etməyə imkan verir. Hazırkı mərhələdə Naxçıvan üçün əsas məsələ yaradılan infrastruktur və imkanların dayanıqlı iqtisadi fəaliyyətə çevrilməsidir. Dövlət investisiyaları ilkin şəraiti formalaşdırır. Növbəti mərhələdə isə özəl sektorun bu imkanlardan istifadə etməsi, yeni müəssisələrin yaradılması və investisiya fəallığının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyacaq. Naxçıvanın gələcək inkişafının nəticələri bir neçə əsas göstərici üzrə daha aydın görünəcək. Bunlar yeni iş yerlərinin sayı, özəl investisiyaların həcmi, sənaye istehsalının artımı, ixrac imkanlarının genişlənməsi, turizm gəlirləri, kənd təsərrüfatının məhsuldarlığı və əhalinin real gəlirlərinin dinamikasıdır. Bu göstəricilərin müsbət istiqamətdə dəyişməsi həyata keçirilən layihələrin sosial-iqtisadi nəticəsini daha aydın ortaya qoyacaq.

Bütün bunları nəzərə alsaq, Naxçıvanın qarşısında duran imkanlar kifayət qədər genişdir. Nəqliyyat bağlantılarının inkişafı bazara çıxışı yaxşılaşdıra, enerji layihələri sənaye üçün yeni şərait yarada, Sənaye Parkı istehsalın şaxələndirilməsinə xidmət edə, turizm və mədəni irs isə xidmət sektorunun inkişafını sürətləndirə bilər. Bu baxımdan, Naxçıvanın qarşısında artıq yalnız inkişaf etmək deyil, öz imkanlarının miqyasına uyğun iqtisadi mövqe qazanmaq vəzifəsi dayanır. Tarixi irsi dövlətçilik yaddaşını, coğrafi mövqeyi strateji üstünlüyü, yeni infrastruktur isə iqtisadi imkanları müəyyən edən bu diyar üçün qarşıdakı mərhələnin əsas göstəricisi yaradılan imkanların real dəyərə çevrilməsi olacaq. Bu prosesin investisiya, istehsal, ixrac, məşğulluq və rifah artımı ilə tamamlanması, Naxçıvanın bugünkü yenilənməsi regionun iqtisadi strukturunu dəyişdirən uzunmüddətli inkişaf mərhələsi kimi tarixə düşəcək.

Emin Hacıyev,

İqtisad elmləri namizədi

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More